Sabah futzal üzrə UEFA kubokunun əsas mərhələsində Azərbaycan çempionu “Araz” ilk oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, Rumıniyada təşkil edilən qrup mərhələsi çərçivəsində Bosniya və Herseqovinanın “Mostar” klubu ilə üz-üzə gələcək çempionumuzun kapitanı Azərbaycan Futzal Federasiyasının “Facebook” səhifəsinə müsahibə verib.
Komanda oyuna hazırdımı?
- Əlbəttə, hazırdı. Artıq 2 gündü oyunların keçiriləcəyi Deva şəhərindəyik. Buna qədər hazırlığımızı Bakıda reallaşdırdıq, həm yoxlama, həm də rəsmi oyunlar keçirməklə çatışmazlıqları müəyyənləşdirdik və aradan qaldırmağa çalışdıq. İstənilən halda ilk oyun hər zaman çətin olur.
“Mostar”ın oyununu izləmisinizmi? Onlara qarşı necə oynayacağınızı müəyyənləşdirmisiz?
- Rəqibimiz mübarizəyə ilk mərhələdən başlasa da, güclü komandadı. Bosniya və Herseqovina millisinin 6 üzvü bu komandanın formasını geyinir. Eyni zamanda Braziliyadan, Serbiyadan legionerləri var. Baş məşqçiləri isə braziliyalıdı. Baş məşqçimiz rəqibi analiz edib, necə oynayacağımızı da məşqdə çatdırıb. Təbii ki, qələbə ilə başlamaq vacibdi.
Oyunöncəsi narahatlıq yaradan hansısa problem varmı?
- Elə bir ciddi problemimiz yoxdu. Komanda olaraq oyuna köklənmişik və ancaq matç haqda düşünürük.
Heyətə yeni qoşulan futzalçılar ayrılanları layiqincə əvəzləyə biləcəklər?
- Komanda çox yaxşı vəziyyətdədi. Yeni dəvət edilən oyunçuların köməyi dəyəcək. Müqayisə aparmağın tərəfdarı deyiləm. Çünki heyətlə bağlı qərarları baş məşqçi verir. Onlar bu gün “Araz”ın heyətindədisə, deməli, baş məşqçinin etimadını qazanıblar.
Rəqiblər arasında ən təhlükəli hansını hesab edirsiz və nəyə görə?
- Hər bir rəqibə hörmətlə yanaşmaq lazımdı. Çünki bu mərhələyə zəif komanda vəsiqə qazanmır. Fərqləndirmək mütləqdisə, “Deva”nın adını qeyd edərdim. Çünki bu komandanın heyəti Rumıniya millisinin üzvlərindən fomalaşıb. Üstəlik, meydan sahibidilər.

