Futzal üzrə UEFA kubokunun ilk qrup mərhələsinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, yarışa əsas mərhələdən başlayacaq Azərbaycan çempionu “Araz”ın son iki rəqibi də bəlli olub.
Bosniya və Herseqovinanın “Mostar” klubu E qrupunda bütün görüşlərdə qalib gələrək təmsilçimizə rəqib olub.
Püşkə görə “Araz”la eyni qrupda E qrupunun da qalibi oynamalı idi. Lakin bu qrupda Ermənistan “Leo Futzal”ı 1-ci yeri tutub. Azərbaycan və Ermənistan komandalarının qarşılaşmalarına imkan verməyən UEFA bu üzdən dəyişiklik edib.
“Leo Futzal” 5-ci qrupa göndərilib. Əvəzində C qrupunda 1-ci olan Malta çempionu “Luksol Sent-Endryu” Naxçıvan təmsilçisinə rəqib olub.
Beləliklə, Rumıniyada baş tutacaq 8-ci qrupun oyunlarında “Araz” yerli “Deva” ilə yanaşı, “Luksol Sent Endryu” (Malta) və “Mostar”la (Bosniya və Herseqovina) qarşılşacaq.
Əsas mərhələnin oyunları oktyabrın 10-15-də keçiriləcək. Qrupda yalnız 1-ci yerin sahibi elit-raunda vəsiqə qazanacaq.

