“Yaxın günlərdə federasiyada işə başlayacam”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın sabiq baş meneceri Eldəniz Yusifov deyib.
Uzun illərdir futbol klubu sektorunda çalışan və yetərincə uğurlu kadr kimi özünü təsdiqləyən funksioner bundan sonra futzal sahəsində fəaliyyət göstərəcək.
“Şamaxı”nın Müşahidə Şurasının sabiq sədri Zaur Axundov yaxşı tanıdığı idarəçini prezidenti olduğu Azərbaycan Futzal Federasiyasına dəvət edib.
Keçmiş rəhbərinin çağırışını müsbət cavablandıran Yusifov yeni təyinatı haqda bunları söyləyib:
“Zaur müəllimlə birgə çalışmaq mənim üçün xoşdur. Onun olduğu yerdə özümü rahat hiss edirəm.
Əslində, Zaur müəllim mənə bir müddət vvəl demişdi ki, qapımız üzünə açıqdır, səni federasiyada gözləyirik. Onu da demişdi ki, klublardan təklif gəlsə, seçimi onlar arasında da edə bilərsən.
Belə deyim, o, seçimi mənim öz ixtiyarıma buraxmışdı. Premyer Liqanın iki klubundan təklifim var idi, onlardan birində işləyə bilərdim.
Amma qərar verdim ki, Azərbaycan Futzal Federasiyasına gedim. Burada hansı sahələrə məsul olacağım tezliklə dəqiqləşəcək.
Federasiyada xeyli müddətdir yaxından tanıdığım, yaxşı münasibətdə olduğum xeyıi insan var. Uyğunlaşmaq baxımından heç bir problemim yoxdur.
Hamımız Zaur müəllimin rəhbərliyi altında futzalın inkişafı üçün çalışacağıq”.

