Millinin “qoca”sı: “Bu yaşda mən ən yaxşıyam” (LAYİHƏ)

29 May 2017 12:24 Futzal 884
Millinin “qoca”sı: “Bu yaşda mən ən yaxşıyam” (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Sportinfo.az və Premyer.az saytlarının "Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsində növbəti yazısını təqdim edirik.

İdman mediası olaraq futbol yığmamızdakı “milliləşmişlər”i hədəf göstərərk, AFFA-nı topa tuturuq. Amma futzaldakı durumu gördükdən sonra Bədavisi də, Arifi də, Dmitrisi də adama doğma gəlir. Yaşıl meydanlarda oynanılan futboldan uzaqlaşıb, futzal millimizin heyətindəki “qarabalalar”ı izləmək nə qədər xoş olsa da, yekunda onların Azərbaycan milli komandasının formasını geyindiyini görmək qədər ağrılı heç nə ola bilməz. Nə etmək, nəyə nail olmaq istəyidir bu?

Avropa Çempionatındakı oyunları izlədiyimizdə həmin o “braziliyalı millimiz”in heyətindəki əcnəbilərin oyunları göz oxşamırdı. Futzal üzrə milli komandamız Avropa Çempionatına vəsiqə qazansa da, DÇ-nın seçmə mərhələsində mübarizə aparan komandamızla indiki arasında xeyli fərq var. Söhbət yaxşılığıa doğru dəyişməkdən getmir. Görünən o oldu ki, milli AÇ-na vəsiqəni təmin etsə də, sərgilənən oyun ürəkaçan deyildi. Elə komandamızın kapitanı Rizvan Fərzəliyev də dediklərimizi təsdiq etmiş oldu:

“Mənə görə nəaliyyət qazanmışıqsa, yaxşı ya pis oyun sərgiləməyimiz bir önəm kəsb etməməlidir. Qrupda birinci yer tutmuşuqsa burda uğursuzluqdan söhbət gedə bilməz. Amma razılaşıram ki, DÇ-ı zamanı keçirilən oyunlarla, indiki oyunlarımız arasında fərq var idi. 2018-ci ilin fevralında keçiriləcək Avropa Çempionatında özümüzü yaxşı tərəfdən göstərib, finala doğru irəliləmək niyyətindəyik.

Oyunlarımızın yaxşı ya pis alınmasını başqa tərəfdən tə təhlil etmək olar. Bu həm də bizim rəqiblərimizdən də asılı olur. Deməzdim ki, qrupda zəif rəqiblərimiz var idi. Məsələn, Macarıstan millisi ilə bundan əvvəlki Avropa Çempionatındakı qarşılaşmada çətinlik çəkmişdik. Amma sonuncu oyunumuzda gözlədiyimiz olmadı. Bəlkə də bu onların və bizim AÇ-na vəsiqə qazanmağımızla bağlı idi. Üstünlük bizdə idi. İkinciliyi təmin etdiyindən, onlar üçün bəlkə də əhəmiyyəti yox idi. Əcnəbi futbolçularımızın çıxışı isə məni qane eləmədi. DÇ-da onlar başqa əhvalda idi, AÇ-da isə tamam başqa”.

Futzal millimizdəki baş məşqçi dəyişikliyinin komandamıza necə təsir edəcəyini yaxın müddətdə biləcəyik. Bakıya, Azərbaycana yad olmayan Jade təbiidir ki, uğur qazanmaq istəyəcək. Azarkeşlər də ondan, ümumilikdə yığmamızdan nəticə gözləyəcək.

“Bizim indiki baş məşqçimiz ikinci məşqçi kimi fəaliyyət göstərirdi. Buna baxmayaraq əvvəlki oyun taktikası ilə indiki arasında xeyli fərq var. Baş məşqçi vaxt azlığından bu taktikanı komandaya izah etməkdə çətinlik çəkdi. İndiyə qədər hücumameylli olan komandamız bu anlaşılmamazlıq ucbatından hücumlarda zəif çıxış edirdi. Demək olar ki, müdafiə oyunu sərgiləyirdik.”

Bir az əvvəl milli komandamızda əcnəbi oyunçuların olmasını qeyd etmişdik. Azarkeş buna normal yanaşmasa da, həmsöhbətimiz bu durumdan heç də şikayətçi deyil: “Düşünürəm ki, bütün dünyada futzalda əcnəbi oyunçuların olması normal haldır. Hər kəs öz komandasını gücləndirmək istəyir. Futzal kollektiv idman növü olduğundan bir nəfərə üstünlük verilmir. Bizdə də son illər əcnəbi futzalçılara vətəndaşlıq verildiyi üçün, onlar millidə oynayır. Yerlilər də çalışır ki, onlara dəstək verib, nəaliyyət əldə etsin. Mənə elə gəlir ki, bu bizdə alınır”.

Açıq etiraf edək ki, Azərbaycanda istənilən idman sahəsində ən böyük problemlərdən biri də azarkeşlərdir. Yəni, azarkeşlərin arenaya cəlb olunması üçün ya düzgün taktika irəli sürülmür, ya da bizim azarkeş dediyimiz insanlar arenada mübarizəni izləməyi vaxt itkisi sayır. Futzala marağın da az olması gün kimi aydındır. Üstəlik, çox az adam tapılar ki, futzal millimizin heyətindəki oyunçuların hamısının adını bilsin. Amma futzal millimiz futbol yığmamızla müqayisədə daha böyük uğura imza atıb:

“Futzala maliyyə baxımından zəif mənbə baxıldığı üçün, hamı üz tutur böyük futbola. Böyük futbolumuzda isə millimizdə nəaliyyət problemi var. Bu gün futzal millimiz artı AÇ-da çıxış edir. Reytinq baxımından daha irəlidədir. Ümid edirəm ki, böyük futbolumuz da bu uğura nail olar”.

Millimizin kapitanı olan həmsöhbətimiz 38 yaşını qeyd edəcək. Futbolda bu yaşda az oyunçu tapsaq da, futzalçımız heç də pis təsir bağışlamır. Elə Rizvan da özü haqqında müsbət fikirdədir: “Hələki özümdə fiziki baxımdan, oyun üslübunda geriləmə hiss etmirəm. Çalışıram ki, həm yerli, həm də əcnəbi futzalçılara öz oyunumla sübut edim ki, bu yaşda da mən ən yaxşıyam. Karyeramı nə vaxt bitirəcəyimi bilmirəm. Ən azı 3 il oynamaq fikrim var. İnşallah zədədən uzaq olaram”.

“Araz Naxçıvan” komandasının formasını geyinən Rizvan Fərzəliyev çempionatdakı rəqabətin az olmasından da gileylidir: “Yüksək liqada rəqabət aparan 2-3 komanda var. “Neftçi”, “Ekol” və “Araz Naxçıvan”. Bu dəfəki çempionatda “Araz” heç bir rəqibə şans vermədi. Sona 2-3 tur qalmış çempionluğu qeyd etdik. Deyərdim ki, son çempionatda belə tez uğur qazanmağımız reallaşdı. Bundan əvvəlki mövsümlərdə rəqabət daha güclü idi. Bu dəfə bu rəqabəti görmədik”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti