
Azərbaycanın çövkən millisi iyunun 3-dən 7-nə qədər Polşanın Şonovitse şəhərində keçiriləcək ilk Avropa çempionatında çıxış edəcək.
Sportinfo.az xəbər verir ki, Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə təşkil olunacaq yarışda 6 ölkə – Azərbaycan, Böyük Britaniya, Macarıstan, Malta, Polşa və Türkiyə milliləri mübarizə aparacaq.
Çempionat çərçivəsində iyunun 4-də Beynəlxalq Çövkən Federasiyasının üçüncü Baş Assambleyası baş tutacaq.
Tədbir zamanı yeni üzvlərin qəbulu, növbəti kontinental yarışların tarixləri və keçirilmə məkanları, eləcə də federasiyanın gələcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılacaq.
Beynəlxalq Çövkən Federasiyası tək illərdə kontinental çempionatlar, cüt illərdə isə dünya çempionatlarının təşkilini nəzərdə tutan uzunmüddətli yarış təqvimi formalaşdırıb.
2025-ci il ərzində Asiya, Cənubi Amerika, Afrika və Avropa çempionatlarının keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Beynəlxalq Çövkən Federasiyası 2024-cü ilin fevralında 19 ölkənin iştirakı ilə Bakı şəhərində təsis edilib, nizamnaməsi təsdiq olunub.
Elə həmin ilin iyununda keçirilən ikinci növbədənkənar Assambleya zamanı federasiyanın üzv ölkələrinin sayı 54-ə çatıb.
2024-cü ildə Bakıda 10 ölkənin iştirakı ilə çövkən üzrə ilk dünya çempionatı təşkil olunub və Azərbaycan komandası birinci yeri tutub. Elə həmin Assambleyada qəbul edilən qərara əsasən, növbəti dünya çempionatı da 2026-cı ildə yenidən Bakıda keçiriləcək.
Çövkən Azərbaycan üçün təkcə idman növü deyil, həm də xalqın qədim mədəni irsinin daşıyıcısıdır.
Bu baxımdan 2013-cü ildə UNESCO tərəfindən "Təcili qorunması zəruri olan qeyri-maddi mədəni irs" siyahısına daxil edilməsi çövkənin Azərbaycan xalqı üçün nə qədər mühüm əhəmiyyət daşıdığını bir daha təsdiqləyir.
Hazırda ölkəmizdə bu qədim atüstü oyunun dirçəldilməsi və beynəlxalq miqyasda təbliği istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilir.