
Bu gün Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçiriləcək.
Sportinfo.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində oynanılacaq həlledici görüşdə "Mançester Siti" və "İnter" üz-üzə gələcək.
Atatürk Olimpiya Stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.
İstanbulun ikinci dəfə ev sahibliyi edəcəyi ÇL finalında yenə ingilis - italyan dueli baş tutacaq.
2004/2005 mövsümündə bu arenada "Milan" və "Liverpul" arasında keçirilmiş tarixi oyunda mersisaydlılar möhtəşəm geridönüş edərək titula sahib çıxıblar.
İngiltərə təmsilçisi ilk hissədən sonra 0:3 hesabı ilə geri düşsə də, ikinci yarıda 3 qol vuraraq, matçın əvvəlcə əlavə vaxta, ardınca isə penaltilər seriyasınadək uzanmasına nail olub.
11 metrlik cərimə zərbələri zamanı daha dəqiq (3:2) oynayan ingilislər yekunda qələbəni bayram ediblər.
Çempionlar Liqasında ikinci dəfə finala yüksələn "Mançester Siti" hələ bu turnirdə qalib olmayıb. "İnter" isə ÇL-də oynadığı 6 finalın yarısından qələbə ilə ayrılıb.
Çempionlar Liqasının hələlik son qalibi "Real Madrid"dir.
10 iyun
23:00. "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İstanbul, Atatürk Olimpiya Stadionu