
Sabah qitənin ən nüfuzlu futbol turniri olan Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.
Hər il olduğu kimi bu mövsüm də turnirin bir neçə favoriti var.
Budəfəki püşkatmanın bəzi klublar üçün sərfəli olduğunu söyləyə bilərik, ancaq digər "böyük baş" komandaların görüşü heç də rahat olmayacaq.
Maraqlıdır ki, 17 ildən sonra ilk dəfə bu mərhələdə 3 italiyan komandası iştirak edəcək. Digərləri isə 2 ingilis, 1 ispan, 1 portuqal və 1 alman təmsilçisi olacaq.
Bütün iştirakçıların öz liqalarında da çempionluq və gələn mövsümün Avropa liqaları üçün mübarizə apardığını qeyd etmək lazımdır
Bu nüans onların hamısının işini haradasa çətinə salacaq. Futbolçulardan savayı özlərini sübut etməyə çalışan məşqçilər isə hər iki tərəfdən qazanclı olmağa çalışacaq.
Sensasiyalarla zəngin olan Çempionlar Liqasında qalib komandanı təxmin etmək olduqca çətindir. Lakin statistika, vəziyyət və digər məqamlara söykənməklə təxminimizi paylaşırıq.
“Real” (Madrid, İspaniya) – “Çelsi” (İngiltərə)
Sonuncu dəfə ötən mövsüm qarşılaşan bu iki komanda arasında təbii ki, favorit ispanlardır. Liverpul səddini keçən “Real”ın turnir tarixinə nəzər yetirsək Karlo Ançelotti və komandasının uğuru olduqca yaxşıdır. Bundan başqa hazırki vəziyyətləri də dəyərləndirsək, bir tərəfdə “Barselona” ilə La Liqa çempionluğu yarışında olan “Real” və digər tərəfdə Premyer liqada ilk səkkizilliyə düşə bilməyən Frenk Lempardın çalışırdırdığı “Çelsi” matçında bir çoxlarının qalib təxmini Benzamalı, Vinisyuslu, Modriçli və bir çox oyunçularının formada olduğu “Real”dan yanadır. Çempionlar liqasında sanki bir "əjdaha"ya dönən komandanın növbəti mərhələdə - yarımfinalda qarşılaşacağı klubu təxmin etmək isə olduqca çətindir.
Bu komandaların son oyunlarına fikir versək, “Real”da vəziyyətin daha ürəkaçan olduğunu görərik. Komanda İspaniya Kubukunun yarımfinalında əzəli rəqibi “Barselona”nı yarışdan kənarlaşdırıb. İlk oyunda səfərdə 0:1 hesabı ilə məğlub olan madridlilər cavab qarşılaşmasında Xavinin komandasını darmadağın etdilər – 4:0. La Liqada da katalonlardan 12 xal geridə olan və çempion olma şansları cüzi olan “Real” bütün diqqətini əlbəttə ÇL-a yönəldib. Son turda evdə “Vilyareal”a məğlubiyyət də bunu deməyə əsas verir. “Çelsi”yə gəlincə, Qraham Potteri yola salan klub rəhbərliyi onun yerinə sabiq kapitanı və keçmiş məşqçisi Lempardı gətirdi. İlk oyununda “Vulverhempton”a minimal hesabla məğlub olan “göylər” daxili çempionatdakı uğursuzluğu burada kompensasiya etməyə çalışacaq. Hər nə qədər sensasiyaların şahidi olsaq da, “Real”ın yarımfinala yüksələcəyinə haradasa əminik.
“Mançester Siti” (İngiltərə) – “Bavariya” (Almaniya)
İngilislərin tarixində ilk dəfə çempionluq sevincini yaşamağı çox istədiyi bir neçə mövsümdür ki, göz önündədir. Hər il bir axsaqlığa görə tur keçə bilməyən klubun liqada göstərdiyi oyun və oyunçularının şəxsi performansı həqiqətən əladır. Avropa Liqasında tur keçə bilməyən “Arsenal” ilə çempionluq yarışınında olan “Siti”nin işi bir xeyli qəlizdir. “Alman tankı” ilə qarşılaşacaq ingilislər hazırda formada olan oyunçular və öz liqalarında çempion olmaq arzusu ilə yanan komandaya qarşı ilk oyunda sərfəli nəticə əldə etməyə çalışacaq. Halland, De Bryun, Mane, Müller və s. oyunçuların qarşılaşacağı matçlarda Qvardiolanın köhnə kollektivilə keçmiş evində göstərəcəyi oyun üsulu isə yarımfinal cütünü bəlirləyəcək. Belə ki, onunla mübahisəsi olan və bu səbəbdən “Siti”ni tərk edib, icarə əsasında “Bavariya”ya keçən Joa Kanselo isə əminik ki, Qvardiolanı peşman etmək üçün əlindən gələni edəcək. “Allianz Arena”da heç bir rəqibə şans tanımayan “Bavariya” və lənəti məhv etmək istəyən “Siti”nin duelini erkən final da adlandırmaq olar.
Yeri gəlmişkən, “Bavariya” Bundesliqanın son 2 turunda əsas rəqibləri “Borussiya” (Dortmund) və “Frayburq”u məğlub etməyi bacarıb – müvafiq olaraq 3:0 və 1:0. Bununla da liderliyini daha da möhkəmləndiriblər. İngilis təmsilçisinə gəlincə, son 2 turda “Liverpul” və “Sauthempton”u böyük hesabla (hər ikisi – 4:1) məğlub edən Qvardilanın yetirmələri liderlə xal fərqini 5-ə endiriblər. Düzünə qalsa, bu iki “tiran” arasında qalibin kim olacağını proqnozlaşdırmaq mümkünsüz görünür. Bu komandaların yarımfinala hansının çıxacağından asılı olmayaraq, vəziyyət növbəti mərhələdə daha da qəlizləşəcək. Çünki cütün qalibini orada böyük ehtimalla ÇL-nın 12 qat qalibi “Real” gözləyəcək.
“Milan” (İtaliya) – “Napoli” (İtaliya)
İki italyan komandasının qarşılaşacağı ilk matç Milanda keçiriləcək. “Seriya A”da liderliyini davam etdirən “Napoli” ilk üçlük üçün mübarizə aparan “Milan” ilə San Siroda bu mövsüm bir oyun keçirib və 2:1 qalib gəlib. Bu komandalar arasında Çempionlar Liqasından öncə ötən həftə Dieqo Armando Maradona stadionunda baş tutan oyunu haradasa yoxlama oyunu kimi də qəbul etmək olardı. Doğrudur, “Napoli” həmin oyunda darmadağın oldu – 0:4. Başqa sözlə, neapollular döyüşü uduzdular. Amma müharibəni yox. Fikrimizcə, bu liqa oyunu öz təsirini Avropaya yansıtmayacaq. Çempionatda 2-ci yerlə arasında 16 xal fərq olan və bu mövsüm 21 oyun ard-arda xal itirməyən “Napoli” əla formadadır. Neapollular tarixində ilk dəfə bu turnirdə yarımfinal mərhələsinə yüksələ bilərlər. Bu, onlara əlavə bir motivasiya verir. “Milan” isə ilk oyunun acığını çıxmağa çalışacaq və özünü bir daha İtaliyaya sübut etməyə cəhd göstərəcək. Bu cütlüyün qalibini (böyük ehtimalla bu “Napoli” olacaq – M.T.) isə digər bir italyan gözləyə bilər.
“İnter” (İtaliya) – “Benfika” (Portuqaliya)
Nəhayət 1/4 final mərhələsinin nisbətən ən maraqsız cütünə çatdıq. “Seriya A” da “Napoli”dən xeyli geri, “Milan”la isə demək olar ki, eyni səviyyədə olan bir digər Milan təmsilçisi “İnter” ilk oyunda “Cüzeppe Miazzi”də “Benfika”nı qonaq edəcək. “İnter”in liqada göstərdiyi performansı dəyərləndirsək, çətin vəziyyətdə olduğunu görərik. Belə ki, Simone İnzaginin komandası 3 oyundur ki, məğlub olurlar. Əvvəlki mərhələdə bir digər Portuqaliya klubu “Portu”nu çətinliklə keçsələr də, bu dəfəki rəqib onlar üçün daha "dişli" olacaq. Müdafiə baxımından kifayətsiz qalan İtaliya klubunun “Portu” ilə oyunda bəxti xeyli gətirmişdi. Belə ki, önəmli fürsətləri dəyərləndirə bilməyən “Portu” liqada “Benfika”nın gerisində qərarlaşır. Xal fərqi 7-dir. Lissabon təmsilçisi məhz bu oyundan əvvəl “Liqa Nosa”da “Portu” ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub. Bu oyunun nəticəsinin “İnter” ilə oyuna nə dərəcədə təsir edəcəyini zaman göstərəcək. Fikrimizcə, 1/4 final mərhələsinin əz “zəif bənd”i “İnter”dir və bu cütün qalibi “Benfika” olacaq. Təbii ki, “Portu” ilə oyunda olduğu kimi “İnter”in bəxti gətirməsə.
İştirakçıların hazırki vəziyyətlərini analiz etdikdə yarımfinalda “Real” – “Bavariya” və “Napoli” – “Benfika” cütlərinin olacağını təxmin etmək olar. Bu cütlüklərdən finala, yəni, İstanbula gedəcək komandaların isə “Real” və tarixində ilk dəfə bu səviyyəyə qədər gəlib çıxa bilən “Napoli” olacağını düşünürük. “Real” – “Napoli” finalı baş tutarsa, həlledici oyun daha maraqlı alınar.
Bəs, başlıqda yazdığımız sualın cavabı necə olacaq? Əgər bura kimi gəlmişiksə, qalibin də adını proqnozlaşdıraq – “Real”. Əlbəttə, bunlar sadəcə, təxminlərdir, dəqiq deyil. Hər halda, iyunun 10-u proqnozlarımızın səhv çıxıb-çıxmamasına aydınlıq gələcək. Kim bilir, bəlkə də tez?
Məhəmməd Tağıyev