"Qarabağ"ın "Viktoriya" gecəsi – VİDEO+FOTOREPORTAJ

18 Avqust 2022 02:00 Çempionlar Liqası 460
"Qarabağ"ın "Viktoriya" gecəsi – VİDEO+FOTOREPORTAJ

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu Bakıda Çexiyadan "Viktoriya"nı (Plzen) qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüşün baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olub. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb.

Matçda əla başlayan “köhlən atlar” 3-cü dəqiqədə hesabı açmağa yaxın olub. Lakin qonaqların qapıçısı Yindrjix Stanek ardıcıl 3 epizodda əvvəl Marko Veşoviçin, ardınca isə Marko Yankoviç və Bədavi Hüseynovun zərbəsini dəf edib.

Cəmi 5 dəqiqə sonra Veşoviçin sağ cinahdan iti ötürməsinə Abdullah Zubir toxuna bilməyib. 21-ci dəqiqədə rəqibin küc zərbəsi zamanı Ağdam klubunun futbolçuları topu qapı xəttindən çıxarıblar.

23-cü dəqiqədə meydanda insident baş verib. Qonaqların futbolçusu Con Moskera Veşoviçlə mübahisə edib. Bu zaman o, monteneqrolu oyunçunu itələyərək yıxıb.

Nəticədə Moskera sarı vərəqə ilə cəzalandırılıb. 27-ci dəqiqədə rəqibi əks hücumda yaxalayan Zubir bir ötürmə ilə Vadjini qolkiperlə təkbətək qoysa da, seneqallı forvardın zərbəsini Stanek ayaqları ilə çıxarıb.

34-cü dəqiqədə Plzen təmsilçisindən Pavel Buxa yaxın məsafədən topu qapıdan keçirə bilməyib. 42-ci dəqiqədə Ramil Şeydayevin zərbəsi zəif alındığından, qapıçı topu asanlıqla tutub.

45-ci dəqiqədə Toral Bayramov iti bucaq altından qapını nişan alsa da, hədəfdən yayınıb. İlk hissə qolsuz heç-heçə ilə başa çatıb.

İkinci yarıda da üstünlük “Qarabağ”ın tərəfində olub. Bunun məntiqi nəticəsi kimi, 47-ci dəqiqədə Kadi Borgesin qüvvətli zərbəsi qapının üstündən keçib.

Zubir 58 və 62-ci dəqiqələrdə qapı istiqamətində zərbə endirsə də, qolkiper hesabın açılmasına imkan verməyib. 73-cü dəqiqədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov 2 oyunçu dəyişikiyinə əl atıb.

O, passivlərində sarı vərəqələri olan Yankoviçi Riçard Almeyda ilə, Vadjini isə Kvabena Ovusu ilə əvəzləyib. 75-ci dəqiqədə Vatslav Yemelkanın zərbəsində dəqiqlik çatmayıb.

83-cü dəqiqədə ikinci hissədə meydana daxil olan Filip ozobiçin qüvvətli zərbəsini Stanek çətinliklə dəf edib. 88-ci dəqiqədə Kadi Borgesin vurduğu top tirin üstündən keçib. Beləliklə, ilk görüşdə qolsuz bərabərlik qeydə alınıb.

Cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti