"Məncə, komandamızın işi daha da asanlaşacaq"

18 Avqust 2022 00:10 Çempionlar Liqası 813
"Məncə, komandamızın işi daha da asanlaşacaq"

"Səfərdə psixoloji cəhətdən daha rahat olacağıq".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev Bakıda "Viktoriya" (Plzen) ilə qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu barədə jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi doğma meydanda azarkeşlərin gözləntilərini daha çox hiss etdiklərini bildirib:

"Bəlkə də bu, bizə bir az mane olur. Amma səfərdə daha rahat oynaya bilirik. Ən böyük amillərdən biri odur ki, səfərdə rəqib də oynamağa çalışır və hücum etmək, qol vurmaq istəyir.

Məncə, komandamızın işi daha da asanlaşacaq. Ümumilikdə stress və ya həyəcanın olacağını düşünmürəm".

Qarayev ilk qarşılaşmanın gözləniləndən daha çətin keçdiyini söyləyib:

"Bu, son illərdə oynadığımız ən ağır matçlardan biri idi. Amma buna baxmayaraq sonadək mübarizə apardıq. Lakin qol imkanlarından yararlana bilmədik.

Bizim hesabı aça bilməməyimiz rəqibi daha sıx oynamağa məcbur etdi. Öz üzərimizə düşəni etdik. Komanda olaraq yaxşı mübarizə apardıq".

Azərbaycan millisinin üzvü müasir futbolda səfər oyunu anlayışının olmadığını vurğulayıb:

"Azarkeşlərin bizdən gözləntilərini bilirik. Səfərdə oynasaq da, yaxşı nəticə üçün meydana çıxırıq. Çexiyada qələbə üçün oynayacağıq".

Yarımmüdafiəçinin fikrincə, bəzən revanş hissi futbolçulara ziyan verir:

"Belə şeyləri düşünmək lazım deyil. Bütün bunlar oyuna təsir edir. Əksər futbolçularımız "Viktoriya"ya qarşı oynamayıb.

Bu səbəbdən revanş hissini onlara vermək çətin olur. Heç mən də qarşılaşmaya bu cür yanaşmırdım. Sadəcə, bizim üçün vacib görüşlərdən biri idi.

2016-ci ildə "Viktoriya" ilə dueldə səfər qoluna görə pley-offa çıxa bilməmişdik. Həmin vaxtda da çoxlu qol imkanları yaratmışdıq".

Avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti