"O, elə bunu bacardığı üçün Qurban Qurbanovdur"

17 Avqust 2022 20:00 Çempionlar Liqası 1 336
"O, elə bunu bacardığı üçün Qurban Qurbanovdur"

«Adətən, Çexiya klubları «Qarabağ»a gəlir, amma məncə, bu dəfə həmin tilsimi qırmaq mümkün olacaq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin veteran müdafiəçisi Ramiz Məmmədov deyib.

Hazırda «Pro» kateqoriyası daşıyan mütəxəssis «Qarabağ»ın tarixində ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşmk şansını dəyərləndirib.

O, bu gün «Viktoriya» ilə keçiriləcək pley-off mərhələsinin ilk oyununun əhəmiyyətinə diqqət çəkib:

«Səhv etmirəmsə, «Qarabağ» 5-6 il qabaq da onlarla qarşılaşıb. Çexlər məhz Bakıda vurduqları bərabərlik qolu ilə mərhələ adlayan tərəf oldu.

Aradan xeyli vaxt keçib, komandaların tərkibi dəyişiö, ancaq düşünürəm ki, Qurban Qurbanov həmin hadisəni unutmayıb və revanş götürmək üçün planlar hazırlayıb

. «Qarabağ» bundan əvvəlki üç mərhələdə əsasən atletik futbola üstünlük verən rəqibləri üstələyib. Son olaraq Macarıstan çempionu «Ferentsvaroş»u mübarizədən kənarlaşdırıb.

Çexiya futbolu fiziki güc mənasında macarları bir qədər qabaqlayır. «Qarabağ» bu dəfə daha çox güc sərf etməli olacaq.

«Viktoriya» uzun ötürmələrə və cinah asmalarına xüsusi önəm verir. Standart epizodlarda da təhlükəlidirlər.

Yəqin ki, Qurban müəllim qabaqlayıcı tədbirlər görüb və futbolçularına nə etməli olduğunu başa salıb. O, rəqibi düzgün qiymətləndirməyi bacardığı üçün Qurban Qurbanovdur.

Bakının bu istisi «Viktoriya»nın əleyhinədir. Azarkeşlər də stadionu tamamilə dolduracaq və «Qarabağ»a dəstək verəcək.

Güman edirəm ki, «Qarabağ» ötən ev oyunlarında olduğu kimi, yenə hücum futbolu göstərəcək. İbrahima Vadji, Kvabena Ovusu və Ramil Şeydayevdən çox şey gözləyirəm. Həmçinin Zubirlə Kadidən.

Vadji ötən mövsümə baxanda hardasa 50 faiz artırıb. Ovusunun dönüşü də komandaya çox xeyirlidir.

Ramil hələ qol vurmayıb, bununla belə, irəli xətdə fəaldır və topsuz epizodlarda böyük iş görür».

Digər Xəbərlər
Xəbər Lenti