“Viktoriya” haqda bu xəbəri oxuyanda, biləcəksiz ki... MARAQLI FAKT nÜZƏ ÇIXDI

17 Avqust 2022 14:40 Çempionlar Liqası 947
“Viktoriya” haqda bu xəbəri oxuyanda, biləcəksiz ki... MARAQLI FAKT nÜZƏ ÇIXDI

“Qarabağ”ın Çempionlar Liqasının pley-offundakı rəqibinin adına aydınlıq gələndən sonra böyük əksəriyyət 2016-cı ilin yayını və “Viktoriya”nın həmin ildən sonrakı nəticələrini göz önünə gətirir.

“Köhlən atlar” 2016/17 mövsümündə ÇL-in 3-cü təsnifat mərhələsində Çexiya çempionu ilə qarşılaşmalarda bərabərliyə nail olsa da (0:0, 1:1), səfərdə vurulan top hesabına mərhələni adlayan tərəf rəqib olmuşdu.

“Viktoriya” həmin mövsüm pley-offda “Ludoqorets”ə uduzaraq mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirmiş, topladığı 6 xal işə yaramamışdı.

Növbəti mövsüm kifayət qədər uğurlu alınmışdı. Plzen təmsilçisi Avropa Liqasına pley-off mərhələsindən start verərək həmin turnirin 116 final mərhələsinə qədər irəliləmişdi.

2018/19 mövsümündə isə mübarizəyə birbaşa ÇL-in qrup mərhələsindən başlamışdı. “Real Madrid”, “Roma” və ÇSKA (Moskva) ilə oyunların yekununda topladığı 7 xalla Avroliqanın 1/32 final mərhələsində çıxış imkanı yaxalamışdı. Lakin Xorvatiya “Dinamo”sunun müqavimətini qırmaq mümkün olmamışdı.

Vəssalam! Həmin ildən bu yana plzenlilərin başının üstünü qara buludlar alıb. Komanda bundan öncəki 3 mövsümdə heç bir yarışın qrup mərhələsində iştirak etməyib.

2019/20 mövsümündə ÇL-də “Olimpiakos”a məğlub olaraq Avropa Liqasına yuvarlanıb, bu turnirin 3-cü təsnifat mərhələsində “Antverpen”ə uduzub.

2020/21 mövsümündə ÇL-in 2-ci təsnifat mərhələsində “Alkmaar”ın müqavimətini qıra bilməyəndən sonra yenidən Avropa Liqasına qoşulub, burada 3-cü təsnifat mərhələsində “Syonneryusk”u mübarizədən kənarlaşdırıb, pley-offda “Hapoel Ber Şeva”ya boyun əyərək Çexiyaya yollanıb.

2021/22 mövsümündəki durum isə lap acınacaqlı olub. “Viktoriya” avrokubok mübarizəsinə Konfrans Liqasından başlayıb. 2-ci təsnifat mərhələsində “Dinamo Brest”ə, növbəti mərhələdə “The New Saints”ə yerini göstərib. Pley-offda isə Sofiya ÇSKA-sı Çexiya nəhənginə qrupa qatılmaq imkanı verməyib.

Gördüyünüz kimi, “Viktoriya” son illər heç də uğurlu təsir bağışlamır. Komandada baş verən məşqçi və futbolçu dəyişiklikləri komandanın çıxışına birbaşa təsirini göstərməkdədir.

Cari mövsümdə “Qarabağ” “Lex”, “Sürix” və “Ferenetsvaroş” kimi güclü çempionatların çempionlarını mübarizədən kənarlaşdırdığı halda, mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulan “Viktoriya” Finlandiya və Moldova çempionlarına – HİK-lə “Şerif”ə gücünü göstərib.

Yəqin ki, əlavə şərhə gərək yoxdur. Qalır çərşənbə günü baş tutacaq oyunda cütün taleyini ilk dueldəcə həll etmək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti