“Çox böyük məyusluq yaşayırıq. Belə olmamalı idi”.
Bu sözləri İsveçrə mətbuatına açıqlamasında Yanik Breher deyib.
Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə “Sürix”lə bərabərə qalaraq, iki oyunun nəticəsinə görə (3:2, 2:2) mərhələ adlayan “Qarabağ” rəqib futbolçularda məyusluq yaradıb.
Komandasının kapitanı olan 29 yaşlı qapıçı mübarizənin penaltilər seriyasına qədər davam etməsini arzulayırmış:
“Hesabı 2:1 edəndən sonra oyunun ən pis halda penaltilər seriyasına qədər uzanacağını düşünürdüm.
Bu, baş versəydi, fikrimcə, sevinən tərəf biz olacaqdıq. Amma birinci qolda olduğu kimi, ikinci qolda da axmaq səhvə yol verməklə “Qarabağ”ın sevinməsinə imkan yaratdıq. Beynəlxalq oyunlarda bu cür səhvlər bağışlanmır”.
Breher niderlandlı hakimin ikinci hissəyə 7, əlavə olunmuş hissəyə 3 dəqiqə əlavə olunmasını qanunauyğun olduğunu deyib:
“Hakim meydanda yaşananlara tam nəzarət edirdi və buna görə də doğru qərarlar qəbul edirdi. Rəqib oyunçular bacardıqca vaxtı uzadırdı.
Belədə hissələrə əlavə olunan dəqiqələri şübhə altına almaq lazım deyil. Komandaları müqayisə etsək, növbəti mərhələyə yüksəlməyimiz kiçik sensasiya olardı”.
SPORTİNFO.AZ

