“Qarabağ”ın “Lex” üzərindəki parlaq qələbəsi (5:1) Polşada sevinclə qarşılanıb.
Hər nə qədər qəribə olsa da, bu, belədir.
Belə ki, “Qarabağ”ın monteneqrolu legioneri Marko Veşoviç matçdan sonra “instagram” hesabında paylaşıb edərək bu sözləri yazıb:
“Bu nə gecə idi? Möhtəşəm dəstəyə görə sizə təşəkkür edirəm! Əsl komanda!”
Markonun paylaşımına böyük maraq göstərilib ki, təbrik şərhlərin bir neçəsi Polşadan gəlib.
Marko vaxtilə Varşava nəhəngi “Legiya”nın uğurları üçün tər tökdüyündən, qələbə münasibəti ilə ona məhz bu komandanın hazırkı futbolçuları Bartoş Kapustka ilə Pavel Vşolek gözaydınlığı verib.
Bartoş Veşoviçə “maşina” yazıbsa, Pavel təbrikini ürək emojisi ilə çatdırıb.
Polşanın köklü klublarından sayılan “Legiya” ilə “Lex” ölkə futbolunda əzəli rəqiblər hesab olunur.
Marko Veşoviç “Legiya”da 3 dəfə Polşa çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb, 1 dəfə superkubok sevinci yaşayıb.
HƏBİB / SPORTİNFO.AZ

