Bir qabdan çörək yeyənlər və ya… “nəfəsləri kəsəcək”

16 Sentyabr 2023 15:00 Kəpəz 807
Bir qabdan çörək yeyənlər və ya… “nəfəsləri kəsəcək”

Turun prinsipial və gərgin qarşılaşmalarından biri Gəncədə baş tutacaq.

Son oyunlarda adından söz etdirən “Səbail” turnir cədvəlinin “quyruğundan” qopmağa çalışan “Kəpəz”in qonağı olacaq.

Gəncəlilər üçün xüsusi qonaq

İşin maraqlı tərəflərindən biri qonaq komandanın başında Şahin Diniyevin dayanmasıdır. Təcrübəli mütəxəssis vaxtilə “Kəpəz”i çalışdırıb və “sarı-göylər”i avrokuboklara daşımaqla yadda qalıb. Diniyevin bu dəfə Gəncəyə qonaq kimi təşrif buyurması maraqlı məqam kimi qeyd olunmalıdır. Düzdür, ötən mövsümün sonuna yaxın qərbin paytaxtına yollanmışdı. Həmin vaxt Tərlan Əhmədovun “Kəpəz”i Şahin Diniyevli “Səbail”i məğlub edib Premyer Liqada qalmaq şansını çətinləşdirmişdi.

Bir qabdan çörək yeyirdilər, indi...

Oyuna rəng qatan xüsusi nüanslardan biri də “Kəpəz”i Azər Məmmədovun çalışdırmasıdır. Niyə xüsusi? Məmmədovun Gəncə təmsilçisinə hansı komandadan gəldiyini yəqin ki, unutmamısınız. Ötən mövsümün gedişində Şahin Diniyev “Səbail”ə baş məşqçi təyin olunanda Məmmədovu özünə köməkçi götürmüşdü və cütlük mövsümün sonuna qədər çiyin-çiyinə çalışmışdı. Bu, həm də o deməkdir ki, Azər bəy karyerasında ilk dəfə baş məşqçi kimi dostu Diniyevlə üz-üzə gələcək.

Geriyə yol yoxdur

Sırf oyun planından danışmalı olsaq, meydan sahiblərinin bu görüşü 3 xal gözündə görməsi təsadüfi deyil. “Kəpəz” cari mövsümdə doğma azarkeşləri önündə keçirdiyi 3 oyunun 2-ni məğlub başa vurub. Açılış turunda “Neftçi”ni məğlub edən qərblilər “Turan Tovuz” və “Araz-Naxçıvan” kimi əsas rəqiblərinə boyun əyib. Gəncədə növbəti yenilgi müəyyən problemlərə yol aça bilər. Turnir cədvəlindəki vəziyyəti nisbətən yaxşılaşdırmaq üçün Məmmədovun yetirmələri “Səbail”ə uduzmamalıdır.

İkirəqəmli arzu

“Səbail”də daxili ab-havanı izah etməyə gərək yoxdur. Bayıl təmsilçisi 4-cü turda səfərdə “Turan Tovuz”u udandan bir həftə sonra öz meydanında “Qarabağ”dan 3 xal almağı bacardı. Bununla d xal ehtiyatını 7-yə yüksəldən “dənizçilər” xal sayını ikirəqəmli etmək niyyətindədir. Təbii, psixoloji amilə diqqət yetirsək, “Səbail” rəqibini bir addım üstələyir. Bəzən bu cür matçlarda arxayınlıq və rəqibi düzgün qiymətləndirməyin sonu ağır olur. Yəni bakılılar Gəncədə meydanı üzgün tərk etsə, buna təəccüblənməyə dəyməz. Bunu bacarmaq isə “Kəpəz”lilərdən “ikinci ürəy”i tələb edir.

Sentyabrın 16-da Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Səbail” qarşılaşması saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti