
Xəbər verdiyimiz kimi, Türkiyə birinci liqasında 31-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, turun son oyununda Azərbaycan millisininin futbolçuları - Coşqun Diniyevin formasını geydiyi “Ümraniyespor” öz meydanında Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor”u qəbul edib.
Milli komandamızın hər iki üzvü meydana start heyətində çıxıb.
Şeydayev görüşü əvəzolunmadan keçirdiyi halda, Diniyev 80-ci dəqiqədə Emre Demirlə əvəzlənib. Coşqun 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
R.Şeydayevin matçda qol vurmaq üçün imkanları olsa da, o, bunu reallaşdıra bilməyib.
Qarşılaşmanın taleyini isə bir qol həll edib. Emrecan Bulutun 67-ci dəqiqədə vurduğu qol “Ümraniyespor”a 1:0 hesablı qələbə qazandırıb.
Bununla da 3 oyunluq qələbə həsrətinə son qoyan Coşqun Diniyevin komandası xallarının 37-ə çatdırmaqla turnir cədvəlində 11-ci pilləyə yüksəlib. Əvvəlki kimi 52 xalda qalan “Kocaelispor” isə 6-cı pilləyə düşüb.