Rizedə Türk rüzgarı, Şuşa Bəyannaməsi və “Biz hər zaman bir yerdəyik” icmarıcı

16 May 2022 01:20 Bizimkilər 410
Rizedə Türk rüzgarı, Şuşa Bəyannaməsi və “Biz hər zaman bir yerdəyik” icmarıcı

Əslində fotolar hər şeyi deyir, amma tarix üçün yazmaqda fayda var.

Azərbaycan və Türkiyə, ümumilikdə isə Türk Dünyası adına daha bir tarix yazıldı

14 mayda. Türkiyənin füsunkar Rizə bölgəsində, Qara dəniz üzərində möhtəşəm hava limanının - Rize-Artvin Hava Limanının açılış törəni keçirildi, Azərbaycan və Türkiyə liderlərinin, iki qardaş prezidentin iştirakı və xeyir-duası ilə...

Dünyada dəniz üzərində inşa edilən cəmi beş hava limanından sayca ikincisinə (Ordu-Giresun aeroportundan sonar-E.P.) sahib oldu qardaş ölkə! Ümumilikdə 58 hava limanı! Maşallah!

Hər şey gözəl və qürurverici idi. Hava limanına enən və aydınlıq rəmzi olan su şırnağının altından keçən, göyərtələrində qardaş ölkənin liderləri olan iki təyyarə havada da birgəliyimizin rəmziydi. Əslində biz bu birliyə Vətən Müharibəsi günlərində şahidlik etməklə yanaşı, müttəfqliyimizi bütün dünyaya nümayiş etdirmişik – Gəncədə hazır vəziyyətdə gözləyən F 16-ların timsalında! Budəfəki açılış törənindəki görüntülər də bir başqaydı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə işgüzar səfər etmişdi. Xeyir işə adam öncə ən yaxın adamını, dostunu-qardaşını, əqrəbasını dəvət edir, şübhəsiz. Necə ki, keçən ilin 26 oktyabrında Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iki qardaş yanaşıydı və açilış törənində məhz onlar Qarabağın hava qapısının rəmzi açarlarını qəbul etdilər. Bu dəfə Rizə günüydü, qarşıda isə Zəngilan, Laçın hava limanlarının açılış günləri var, inşallah!

Türkiyə və Azərbaycanın birliyi olmazsa, olmazdır, bu düsturun alternativi yoxdur. Necə ki, Çanaqqala döyüşlərində azərbaycanlı döyüşçülər qardaşlarına yardıma tələsdilər, həmin döyüşlərdə şəhid olanların rəmzi məzarları Çanaqqala yüksəkliklərində əzəmətlə dayanıb. Necə ki, Nuru paşanın başçılığı ilə Qafqaz İslam Ordusu Azərbaycan uğrunda canından-qanından keçdi, 1300-dən artıq şəhid verdi...Bu gün həmin şəhidlərin bəzilərinin məzarları Azərbaycan ərazisində and yerinə çevrilib...8 şəhidlik, 18 şəhid məzarı...

İndi o hadisələrin üstündən keçən 104 ildə növbəti dəfə Qarabağdakı daşnaklar və onların havadarları üzərində Zəfər qazanmışıq, qardaş Türkiyə ilə birgə! Zəfər qazanmış Azərbaycan liderini, Qarabağ Fatehini ilk dəfə olduğu Rize şəhərində necə coşqu ilə qarşıladı bacı-qardaşlarımız, hər birimiz gördük. Düşmən də gördü, mağmıncasına...Havadarları da növbəti dəfə şahid oldu sarsılmaz birliyimizə, hesabını götürsün hər biriləri.

Qeyri-ixtiyari 2015-ci ildə keçirilən G 20-lərin Antalya Zirvəsini xatırladım. O zaman Türkiyə lideri Rəcəb Tayyib bəy ev sahibi olaraq qardaş Azərbaycanın Prezidentini və xanımını dünyanın ən güclülərinin bir araya gəldiyi sammitə fəxri qonaq olaraq dəvət etmişdi. Şəxsən şahid olmuşdum, qürurla! Böyük fəxarət idi, sözsüz.

Rizədəki coşqulu tədbirdə çıxış üçün söz verilən ilk lider də İlham Əliyev oldu ki, bu da qardaşlığın daha bir təcəssümü idi. Təqdimat da möhtəşəm: “Kafqasyanın yıldızı Azərbaycanın Cumhurbaşqanı sayın İlham Əliyev!” Azərbaycan Prezidenti Rizəyə... Şuşadan getmişdi. Türkiyə səfərindən öncə 5-ci “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılış törənində iştirak etmişdi və Rizədəki hava limanına Şuşa havası aparmışdı! Azərbaycan və Türkiyə bayraqlarına boyanan izdihamdakı coşqu həm də buna görəydi, qardaş Türkiyə Qarabağ Zəfərini həm də özününkü hesab edir, bizimlə birgə sevinir, öyünür, qürurlanır!

Dövlətimizin başçısı da çox məmnun idi, səmimiyyətlə dilə gətirdiyi bu sözləri xatırlatmaq kifayət edər. Sitat: “Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də...”

Və növbəti dəfə qardaş ölkəyə minnətdarlıq ifadəsi, həmçinin dost-düşmənə ismarıc: “İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi. İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuz illik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq”.

Yalnız qardaşlara ünvanlanmamışdı. “Açıq qulaqlarınızı, eşidin” ismarıcı da vardı birilərinə...

Azərbaycandan qardaş ölkəyə salamlarını çatdıran İlham Əliyev qeyd etdi ki, savaşda olduğu kimi, dinc dövrdə də iki qardaş ölkə bir yerdədir, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq. “Bir çox Türkiyə şirkətləri, o cümlədən xarüqə adlandırılan bu gözəl hava limanını inşa edən şirkət də Qarabağda bərpa işləri ilə məşğuldur. Bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir”.

Tarixə istinad edərək aramızı vurmaq istəyənlərə növbəti dəfə net sözünü çatdırdı: “Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.

Yüksək səmimiyyətin, qardaşlıq duyğularının daha bir ifadəsi: “Mən bu gün qardaşımın məmləkətindəyəm və demək olar ki, öz məmləkətimdəyəm. Rize Türk dünyasına böyük lider və mənim qardaşım Rəcəb Tayyib Ərdoğanı bəxş etmişdir. Buna görə sizə minnətdarıq. Bütün Türk dünyası sizinlə fəxr edir...Yaşasın Rize! Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi!”

Bu, bir neçə dəqiqəlik çıxışda hər şey var. Azərbaycan-Türkiyə birliyinin, müttəfiqliyinin ifadəsi, keçmişə istinad, gələcək nəsillər üçün yol xəritəsi!

Amma bitmədi... Azərbaycan və Türkiyə liderlərinin görüşündə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilməklə yanaşı, siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib və 2021-ci ilin 15 iyununda imzalanan Şuşa Bəyannaməsinin önəmi xüsusi vurğulanıb! Yəni kimsə yaddan çıxartmasın!

Söhbət zamanı postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Keçən il Azərbaycan və Türkiyənin dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun - Zəngəzur dəhlizi - təməlini qoymuşdular. Bakı və Ankara Ermənistanın da yer ala biləcəyi 3+3 əməkdaşlıq formulunu təklif edib, Zəngəzur dəhlizinin də açılması ilə paralel olaraq. Ermənilər şansı düzgün dəyərləndirməsə, o halda Şuşa Bəyannaməsinin canı sağ olsun!

Son bir ildə 3 dəfə ölkəmizdə səfərdə olan Türkiyə lideri Azərbaycan Prezidentinin dəvətini minnətdarlıqla qəbul edib və istisna deyil ki, yaxın günlərdə bu səfər reallaşacaq. Hələ qarşıda görüləsi böyük işlər var, Türk Dünyası adına!

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının Prezident İlham Əliyevə üzərində “Qarabağ Fatehi” yazısı olan tapança hədiyyə etməsi Rize səfərinin daha bir özəlliyi oldu. Həm də aramıza kimlərsə girə bilməyəcək, mesajı! Eşitmək istəməyənlərə bu dəfə Qara dəniz sahilindən deyildi...

Cənab Ərdoğan Füzulidə olarkən qardaşına üzərində “Xarıbülbül” təsviri olan saatları hədiyyə etmişdi. Türkiyə və Azərbaycan arasında saat fərqi olsa da, əslində ortaq zamanla irəliyə gedirik – Şuşa vaxtı ilə! Qarabağın hakimi Şuşaya hakimlik edəndir, buna düşmən də şübhə etmir artıq (musavat.com).

Digər Xəbərlər
Xəbər Lenti