Mahirin Polşada keçən ən ağır həftəsi - O, bunu bacara biləcəkmi?

21 Oktyabr 2021 16:00 Bizimkilər 434
Mahirin Polşada keçən ən ağır həftəsi - O, bunu bacara biləcəkmi?

Getdiyi gündən Polşada işləri əla gedən Mahir Emreli son günlər tənqid "yağış"ına düşüb.

Səbəb "Legiya"nın Polşa çempionatının son turunda "Lex"ə məğlub (0-1) olduğu matçda "dişsiz" olmasıdır.

Start heyətində başladığı qarşılaşmanın 65-ci dəqiqəsində əvəzlənən futbolçumuza ilk tənqid onun baş məşqçisi Çeslav Mixneviçdən gəldi.

Jurnalistlərin Emrelinin çıxışı ilə bağlı sualına mütəxəssisin cavabı

"Mahirin çempionatdakı zəif çıxışının nədən qaynaqlandığını bilmirəm. Onun qol vəziyyətləri oldu. Mahir qol vurmağa cavabdehdir. Bunu bu gün etməyib, ona görə də çıxışından razı qala bilməz” şəklində oldu.

Açığı, Mixneviçin fikirləri gözlənilməz oldu. Axı belə məqamlarda baş məşqçilər futbolçularına sahib çıxmalı, tənqidlərdən qorumalıdır.

Tənqidlərin davamı "Legiya"nın sabiq futbolçusu Matsey Slivovskidən gəldi. O, "Emreli tamamilə meydanda görünmədi" iddiasını edib və millimizin çalışıdırıcısı Canni De Byazinin də Mahir Emrelini tənqid etməsini yenidən xatırladıb.

Bu kimi tənqidlər azmış kimi, bir də Mahir Emreli Polşa Ekstraklasasında 11-ci turun ən pis futbolçularından ibarət rəmzi komandasına salındı.

Bir futbolçu üçün bundan ağır statistika? Başverənlərin fonunda Polşaya getdiyi ilk gündən vurduğu qollarla adından söz etdirən 24 yaşlı hücumçu üçün ən ağır həftənin keçdiyini birmənalı demək olar.

Bu gün Mahirin komandası Avropa Liqasında "Napoli" səfərinə yollanır. Ümid edək ki, bu qədər tənqid və təzyiq dolu həftənin yekununda Emreli vurduğu qol(lar)la sözünü meydanda deyəcək və Slivovski kimiləri susdura biləcək.

Axı Mahir Polşada ilk dəfə belə tənqid dalğası ilə rastlaşsa da, ölkəmizdə eyni halla dəfələrlə üz-üzə qalıb və vəziyyətdən çıxmasını bacarıb.

Deməli, onun bu baxımdan heç də az təcrübəsi yoxdur. Bizə isə Mahir üçün yaxşısına ümid etmək və gözləmək qalır.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!