Azərbaycan Basketbol Liqasında “Gəncə” və NTD arasında yarımfinal seriyasının ikinci oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində pley-off mərhələsi çərçivəsində baş tutan görüşdə bu dəfə qonaq komanda qələbə qazanıb.
Rəqibini 105:76 hesabı ilə üstələyən NTD ümumi hesabı bərabərləşdirib - 1:1.
Qarşılaşmanın ən məhsuldar oyunçusu Londel Kinq olub. NTD-nin basketbolçusu 27 xal və 13 ribaundluq performans sərgiləyib.
“Gəncə”nin ən yaxşısı olan Amil Həmzəyev isə 19 xal, 4 ribaundluq göstəriciyə baxmayaraq, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Digər cütlükdə “Sabah” “AAAF Xırdalan”a hər iki görüşdə qalib gələrək, finala yüksəlib.