AFFA "Bakı"nın bazasına niyə sahib çıxmadı?

23 May 2020 17:38 Azərbaycan Futbolu 1 101
AFFA "Bakı"nın bazasına niyə sahib çıxmadı?

9 il əvvəl - 2011-ci il sentyabrın 8-i Azərbaycan futbolu üçün əlamətdar gün idi.

Məhz həmin gün ölkə prezidenti İlham Əliyev, AFFA prezidenti Rövnəq Abdullayev, Hafiz Məmmədov və klubun digər səlahiyyətli şəxslərin iştiraki ilə "Bakı" Futbol Klubunun təlim-məşq bazasının açılışı olmuşdu.

Baza ilə yaxından tanış olan hər kəs etiraf edər ki, "Bakı" ölkəmizdə belə bir infrastriktura malik ilk klub idi.

Burada gənc futbolçuların inkişafı üçün istənilən şərait yaradılmışdı. Qısa müddətli fəaliyyətə rəğmən Mahir Mədətov, Rəhman Hacıyev, Namiq Ələsgərov kimi yerli futbolçuların yetişməsində adıçəkilən bazanın müstəsna xidmətləri vardı.

Hər şey plan üzrə getsəydi, yaxın illərdə o bağın çox sayda "dadlı meyvələrini" görə bilərdik. Görmədik!

Bəlkə də, indi məcburiyyətdən "Qarabağ"da, "Neftçi"də çıxış edən Mahirə, Namiqə şükür etməz, "Bakı"nın "Lans"da, "Atletiko"da çıxış edən yetirmələrindən fəxrlə danışırdıq. Amma qismət olmadı. Qoymadılar!

Kim qoymadı?
Maraqlı sualdır, amma cavabsız deyil.
Ölkə futbolunun düşmənləri qoymadı!
Bilirəm, indi də soruşacaqsınız ki, kimdir o düşmənlər?
Səbirli olun, biləcəksiniz ...

Düzdü, futbolumuzun bəlaları ilə bağlı mövzularda bəzən fikirlər haçalanır. Əksəriyyət öz marağınca çıxış edir. Futbolumuzun əsl düşmənlərini gizlətmək üçün klublarımızdakı yarıtmaz idarəetmədən danışırlar.

Məsələn, düşünürlər ki, "Bakı"nın bu günə qalma səbəbi Hafiz Məmmədovun özüdür. Bəs küllü miqdarda səxavətini düzgün istiqamətə xərcləmədi. Ki, sonunda özü də klubu da müflis oldu.

Tamam! Siz deyən olsun. "Bakı"nın iflası birbaşa Hafiz bəyin "əməyidir". Bəs bazaya nə deyirsiniz? Bu söhbətləin bazanın məhv edilməsi ilə heç bir bağlılığı yoxdur axı.

Tutaq ki, Hafiz Məmmədov yalnış siyasətlə yalnış klub idarəetməsi ilə "Bakı"nı məhv etdi. Amma unutmayaq ki, o kişinin zəhmətlərinin nəticəsi olan möhtəşəm baza, dünənə kimi gözümüzün önündə ağzı günə baxırdı. "Bakı" təlim-məşq bazası Hafiz Məmmədovun özündən sonra futbolumuzda qoyub getdiyi şah əsəri idi. Amma heç kim bu əsərə sahib çıxmadı. Niyə? Ümumiyyətlə, kim sahib çıxmalı idi?

Mənə görə birmənalı şəkildə cavab AFFA-dır!

Berlində futbol akademiyası açan bir federasiya üçün Biləcəridə yerləşən bazanı ələ keçirmək, qoruyub saxlamaq 2×2 kimi bir şey idi. Sadəcə bunu istəmək lazım idi.

Bunu istəmək üçün futbolumuzu sevmək, o bazada işıqlı gələcəyə ümidlərini bağlayan yüzlərlə gənc futbolçuları düşünmək və 500-ə yaxın ailəyə çörək aparan ailəni fikirləşmək lazım idi. Hər zamankı kimi bunların heç birini bacarmadılar.

Futbolumuza cavabdeh olan qurum belə bir infrastrukturun məhvinə imkan verməli deyildi. Amma özləri buna şərait yaratdı. Çünki hazırkı federasiyanın 10 ildən artıq bir müddətdə futbolumuza verə bilmədiyi faydanı Hafiz Məmmədov bir neçə ilin içində vermişdi.

Bundan sonra 100 il də keçsə, Hafiz müəllimin miras qoyduğu baza Azərbaycan futboluna fayda verəcək, xidmət edəcəkdi. Amma bunu özlərinə sığdıra bilmədilər. Görünür, hazırkı federasiyaya "Səbail" kimi klubları qoruyub saxlamaq daha çox lazımdır. Görüm işiniz heç avand olmasın!

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti