"Biz "Neftçi" üçün haralara getmiş adamlarıq..." - DANIŞDILAR

29 Mart 2020 13:54 Azərbaycan Futbolu 563
"Biz "Neftçi" üçün haralara getmiş adamlarıq..." - DANIŞDILAR

Koronavirus pandemiyasına görə, digər avropa ölkələri kimi bizdə də futbol həyatı dayanıb.

Ən azı aprelin 14-nə kimi vəziyyət belə olacaq.

Müddətin daha da uzanmaq ehtimalı yüksəkdir. Çünki virus hər keçən gün daha böyük sürətlə yayılmaqdadır

Bu duruma ən çox üzülənlər isə fanatlardı desək yanılmarıq. Əsl fanat üçün sevdiyi klubundan ayrı qalmaqdan daha çətin nə ola bilər axı..?

Bəs görəsən, klublarımızın sadiq fanatları bu çətinliyin öhdəsindən necə gəlirlər? "Qarabağ", "Neftçi" və "Qəbələ"nin sadiq azarkeş qruplarının rəhbərləri Sportinfo.az-a futbolsuz günlərindən danışıblar

Elnur Quliyev ( "Qarabağ"ın "İmarət" azarkeş qrupu): "Mən özüm hələ ki, işə çıxıram. Həm də, adətən, yay və qış fasiləsində bir müddət komandamızdan ayrı qalırıq deyə, o qədər də fərqində deyiləm. Ancaq bu fasilə daha da uzansa, yəqin ki, daha çətin olacaq. Evdə olduğum müddət keçmiş görüşlərimizi xatırlayıram. Dünən "Zalsburq"la, ondan əvvəl "Rosenborq"la oyunları izləmişəm. Bundan başqa, bir neçə başqa görüşlərin də icmallarına baxmışam. Ancaq işləri bağlanıb evdə olan üzvlərimiz kifayət qədərdi. Hamımız işləsəydik, yəqin ki, belə bir məqamda pul yığıb yaşlı insanlara ərzaq almağa çalışardıq. Çünki "İmarət" olaraq hər zaman baş verən hadisələrdən mümkün qədər yaxşı istiqamətdə yararlanmağa çalışmışıq. Həm cəmiyyət, həm də öz azarkeş qrupumuz üçün. Aprel döyüşlərində dəstək yürüşünə qoşulmağımız, fasilələrdə sərhəd bölgəsinə getməyimiz, şəhidlər xiyabanına gedib təmizlik işləri aparmağımız bunlara sübutdur. Ancaq hazırkı vəziyyət elədir ki, əlimizdən gələcək nəsə gəlmir. Qadağalar ancaq yaşlılar üçün olsaydı, ərzaq alıb evlərinəm aparardıq. İnşallah tezliklə bu bəlalar xalqımızdan uzaqlaşar".

Subhan Əliyev ("Neftçi"nin "Forza Neftçi" azarkeş qrupu): "Biz "Neftçi" üçün haralara getmiş adamlarıq... Elə olub, 20 gün yollarda qalmışıq. Çox çətindi "Neftçi"siz qalmaq. Hər yer bağlıdı deyə, uşaqlarla da davamlı görüşə bilmirik. Ancaq bağ evində görüşüb, dərdləşə bilirik. "Neftçi"nin keçmiş oyunlarına baxırıq. Hələ belə halla rastlaşmamışdıq. Nə oyunlar olur, nə evdə baxacağımız oyun var. Birtəhər evdə otururuq da. Ancaq bu gün futboldan önəmli bir şey var ki, o da insanlarımızın sağlığıdır".

Cavad Şərifli ("Qəbələ"nin "Red Black Army" azarkeş qrupu): "Çətindi futbolsuz qalmaq. Boş vaxtlarımız çox olur. Dostlarımızla dağa gəzməyə gedirik, həyətdə işlər görürük. Dünyada insan sağlamlığından önəmli heç nə yoxdur. İnşallah tezliklər bu virus dünyamızdan silinər və yenidən normal həyatımıza qayıdarıq".

Digər Xəbərlər
Xəbər Lenti