
«İdman ictimaiyyətindən Mübariz Mənsimova dəstək görmədik"..
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xəzər Lənkəran»ın mətbuat xidmətinin rəhbəri deyib.
O, klubun sahibi Mübariz Mənsimovun Türkiyədə həbsinə Azərbaycanın futbol əhlininin biganə qalmasından şikayətlənib. Başqa sözlə, «Neftçi»nin idman direktoru Ceyhun Sultanovdan savayı, heç kim cənub klubunu və onun yaradıcısını yada salmayıb.
Halbuki Mənsimov 2004-cü ildən 2016-cı ilə kimi «Xəzər Lənkəran»ı yaşadıb və bu müddətdə 100-dən artıq futbolçu və məşqçi onun maliyyəsi ilə gələcəyini təmin edib.
Bu mənada yalnız Sultanovu fərqləndirə bilərik, çünki «Neftçi»nin vəzifə sahibindən savayı, bir sabiq «Xəzər»li sosial şəbəkə üzərindən olsa belə, Mənsimovun lehinə nə bir paylaşım edib, nə də fikir söyləyib.
Sitat: «Bu ictimaiyyətin gözünün və cibinin baxdığı bir qurum var, o da məlumdur. İdman mediası bu məsələyə diqqət edə bilərdi. İdman mediası deyəndə, ağıla ilk olaraq «Futbol+» gəlir.
Aparıcı, lokomotiv, məktəb, texnikum və universitet dediyimiz qazet də Mübariz bəyin ilk həbs günü "Xəzər Lənkəran"la vaxtilə məhkəmə prosesi olmuş Adrian Skarlatakeni danışdırdı. Saytlar da bunu yazdı . Şair demiş, mən belə dünyanın nəyindən küsüm?».