AFFA-dan “qumar”a qarşı mühüm addım: skautlar stadionlardan qovulur

21 Fevral 2020 23:00 Azərbaycan Futbolu 874
AFFA-dan “qumar”a qarşı mühüm addım: skautlar stadionlardan qovulur

AFFA nəticəsi manipulyasiya edilən oyunların qarşısını almaq üçün əməli addımlar atmağa başlayıb. Bukmeker kontorlarının xüsusən I diviziona təsir imkanlarını azaltmaq üçün yerində tədbirlər görülür.

Dünən xarici bukmeker kontorlarının skautlarından biri “Futbolinfo”nun qaynar xətti ilə əlaqə saxladı. Həmsöhbətimiz mühafizə xidmətlərinin, polislərin onları kütləvi şəkildə stadionlardan uzaqlaşdırdığını bildirdi. Belə ki, bütün oyunlarda kontorlara canlı informasiya ötürən nümayəndələr stadion ərazisindən kənarlaşdırılıb, hər birinə müvafiq liseziyaları olmadığı üçün belə davranıldığı deyilib.

Bu skautlar matçlar zamanı oyunları canlı şərh edir, qarşılaşmaların gedişi haqda informasiya çatdırır. Məhz bu məlumatlar əsasında kontorlar mərc əmsallarını müəyyənləşdirir. Belədə oyunlara canlı mərc etmək imkanları yaranır.

AFFA bunun qarşısını almaq, divizionu bukmekerlərin nəzarətindən kənar qoymaq üçün belə addım atıb, bütün matçlarda asayiş keçikçilərinin “xəbərçilər”i ərazidən kənarlaşdırması tapşırılıb. Təbii ki, yenə də oyunlara pul qoymaq mümkündü – oyundan əvvəl bunu edənlər olacaq. Lakin canlı mərc imkanları informasiyasızlıq üzündən xeyli azalacaq və AFFA-nın bu addımını təqdirəlayiq saymalıyıq.

Bəs, skautlara lisenziya verilməsi mümkündürmü? Bu proses necə tənzimlənəcək?

Suallara cavab verməsi üçün divizion yarışlarını təşkil edən Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyevlə danışdıq: “AFFA və PFL-in bayrağı altında keçirilən futbol yarışlarında iştirak edərək məlumatları xarici şirkətlərə ötürən əməkdaşların oyunlar vaxtı stadiondan uzaqlaşdırılması göstərişi AFFA və PFL rəhbərliyinin qərarıdır.Yarışların yayım hüququ AFFA-ya məxsusdur və qurumun nəzarətində olmalıdır. Bundan əlavə, AFFA-nın Nizamnaməsinin 65-ci maddəsinə əsasən, AFFA onun səlahiyyəti altında olan bütün oyunların hər hansı audio-vizual və səs yayımı vasitəsilə canlı, sonradan və ya hissə-hissə yayımı, ötürülməsi və yayılması üzərində müstəsna hüquqlara malikdir. Oyunlar zamanı məlumat yayımı AFFA-nın nəzarətindədir və əvvəlcədən qurumun yazılı razılığı olmadan oyunların məlumat yayımının (audio-vizual, səs və digər formalarda) ötürülməsi qanunsuzdur. Eyni zamanda, oyun keçirilən stadion ərazisində məlumat yayımına səlahiyyəti olmayan şəxslər tərəfindən oyunların hər hansı audio-vizual və səs yayımı vasitəsilə canlı, sonradan və ya hissə-hissə yayımı, ötürülməsi və yayılması zamanı bunu edən şəxslərin stadion ərazisindən çıxarılması və onların qanunsuz yayımının qarşısının alınması ilə bağlı zəruri tədbirlər görülməlidir”.

AFFA, PFL bu addımı atmaqla eyni zamanda həmin kontorları üzə çıxarmaq, divizion matçlarının qumara qoyulmasının qarşısını almaq istəyir. İndi həmin skautlara ödəniş edən, onlardan informasiyaları alan mərc şirkətləri rəsmi müraciət etməlidi. Yalnız bu halda onlara lisenziya verilə bilər.

Təbii ki, məsələ təkcə lisenziya verməkdə, yayım hüququna görə pul qazanmaqda deyil. AFFA divizion oyunlarının hansı kontorların proqramına salınmasını, bizim “bazar nümayəndələri” ilə əlaqələrini araşdırmaq, nəzarət etmək istəyir.

FƏRİD

P.S.: AFFA-nın yaydığı bəyanat məhz bu məsələ ilə bağlıdı.

Xəbər Lenti