“Azərbaycanda futbola yeni nəfəs vermək üçün futbolu öldürənlərdən başlamaq lazımdır”

29 İyun 2021 16:40 Azərbaycan Futbolu 601
“Azərbaycanda futbola yeni nəfəs vermək üçün futbolu öldürənlərdən başlamaq lazımdır”

Azərbaycanda 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramına start veriləndə ölkə çempionatı bu yola 14 komanda (əksəriyyəti bölgə təmsilçisi) ilə çıxsa da, proqramın son illərinə doğru komandaların bəziləri müxtəlif səbəblərdən dağıldı və Premyer Liqamızda cəmi 8 komanda (6-sı Bakı təmsilçisi) qaldı.

Dövlət Proqramının tərkibində ancaq yüksək dəstədə çıxış edən klubların inkişafı yox, millimiz, I Divizion, uşaq futbolu, qadın futbolu, bir sözlə, "Azərbaycanda futbolun inkişafı" nəzərdə tutulmuşdu.

Bəs bu 10 illik Dövlət Proqramı Azərbaycan futboluna nə qazandırdı? Proqramın 2005-2015-ci illəri əhatə edən dönəmində nələrdən yararlana bilmədik? İkinci belə bir Dövlət Proqramına ehtiyac varmı?

Fanat.az bu sualları idman ictimaiyyətinin tanınan simalarına ünvanlayıb. Onlar həm sualları cavablandırıb, həm də öz təkliflərini bildirib.

İdman mətbuatının təcrübəli jurnalistlərindən olan Sportinfo.az-ın yazarı Natiq Muxtarlının fikirlərini təqdim edirik:

"Azərbaycanda futbolun inkişafı üçün dövlət proqramının tətbiqinə heç bir ehtiyac yoxdur. Belə bir proqramın tətbiqi istedadlı dələduzlar üçün əlavə gəlir mənbəyi olardı.

Azərbaycan futbol təsərrüfatı tamamilə istedadlı dələduzların nəzarətindədir. Dövlət proqramı bir dəfə qəbul edilib və elə bu adamların sayəsində heç bir effekti olmayıb.

Azərbaycan futbolunun əsas dərdi idarəçi dərdidir. İlk növbədə idarəçilər dəyişməlidir. Əgər hazırkı AFFA rəhbərliyinin alternativi yoxdursa, onda vay bizim halımıza.

İstəyirsən, yüz dövlət proqramı qəbul edilsin, heç bir nəticə olmayacaq. Azərbaycanda futbol ölü vəziyyətindədir.

Ona yeni nəfəs vermək üçün isə elə futbolu öldürənlərdən başlamaq lazımdır. Kadr islahatına ehtiyac var, özü də təcili.

Bu kadrlarla keçən hər gün, futbolumuzu daha 100 gün ölü vəziyyətdə saxlamaq deməkdir. Fikir verin, dünənə qədər futbol ölkəsi sayılmayanlar bu gün böyük turnirlərdə təmsil olunurlar.

Futbol hər yerdə inkişaf edir, Azərbaycandan savayı. Gecikirik. Dövlət proqramı kadr islahatını reallaşdırmaq üçün qəbul edilməlidir.

FIFA və UEFA-da aparılan korrupsiya əməliyyatı AFFA-da da aparılmalıdır. Təcili!"

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"