"Neftçi" - "Qarabağ" görüşü minimum Avropa Liqasının pley-offu səviyyəsində oyun olacaq"

17 May 2021 20:20 Azərbaycan Futbolu 1 227
"Neftçi" - "Qarabağ" görüşü minimum Avropa Liqasının pley-offu səviyyəsində oyun olacaq"

"Uzun illərdi ki, çempionluğun taleyi son tura qalmırdı. Vaxtilə "Neftçi" ardıcıl çempionluqlarını finişə 2-3, minimum 1 tur qalmış qazanırdısa, son illər "Qarabağ" titullara yiyələnir, çempionluğun taleyini son tura saxlamırdı".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Premyer Liqanın son turu çərçivəsində "Neftçi" ilə "Qarabağ" arasında baş tutacaq və çempionluğun taleyinin həll olunacağı görüş haqqında danışan "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov deyib.

Süleymanov təcrübəsizlikdən aşırı emosiyaların futbolçularda problemlərə yol aça biləcəyini xüsusi qabardıb: "Matç ümumi çempionatın səviyyəsini aşacaq qarşılaşmadır. Liderlərin 3-4-cü pillədə qərarlaşan komandalarla xal fərqinin uçurum həddə olması da bunu əyani göstərir. "Neftçi"nin, "Qarabağ"ın oyun keyfiyyəti fərqi digər komandalarımızdan qat-qat üstündür. Bu görüş Avroliqa qrupu, minimum pley-off səviyyəsində oyun olacaq. Psixoloji olaraq hər iki komandanın matça yanaşması baxımından heç bir problem gözlənilmir. Hər iki tərəf çempionluğa can atır və dərk edirlər ki, bu, son oyun, son şansdır. Meydanda olan bütün futbolçular matça tam olaraq köklənəcək. Əksinə, təcrübəsizlikdən aşırı emosiyalar hansısa futbolçulara mane ola bilər".

O, görüşün azarkeşlərsiz keçirilməsinə təəssüf etdiyini deyib: "Görüş təəssüf ki, bəlli səbəblərə görə azarkeşsiz keçiriləcək. Bu da oyun ərzində komandaların üzərinə təzyiqi böyük ölçüdə azaldır. Belə anda məşqçilər, lider futbolçular önə çıxmalıdır. Böyük futbolda səviyyə artdıqca hər incə məqam çox önəmlidir. Baş məşqçilərin seçəcəkləri heyət, taktiki quruluş, gedişlər matçda həlledici rol oynayacaq. Kənardan görünə biləcək hər xırda nüans zərgər dəqiqliyi ilə tənzimlənməlidir. Hansı komanda oyun planında düzgün seçim edəcəksə, güvəndikləri aparıcı futbolçular meydanda bir o qədər sərbəst, effektli olacaqlar. Komandaların mənfi-müsbət keyfiyyətlərini, taktiki üstünlükləri və ya axsaqlıqlarını açıqlamayaq. Yuxarı-aşağı hər ikisində qeyd olunanlar var. Psixoloji təzyiq olmasın deyə, bunu məşqçilərin üzərinə, öhdəçiliyinə buraxaq".

Tahir Süleymanov stadion amilinin də təsirlərindən danışıb: "Çox önəmli görünməsə də, həlledici qarşılaşmanın "Dalğa Arena"da keçirilməsi, psixoloji olaraq neytral stadion təəssüratı yaradır. Futbolçular nə vaxt o meydanda rəsmi oyunlara çıxdıqlarını unudublar. Nə qədər təbii ot örtüyü ideal vəziyyətdə olarsa da, peşəkar futbolçular üçün meydançanın hər qarşını hiss etmələri çox önəmlidir, əlavə üstünlükdür. Müasir futbolda nə qədər ev amili öz mövqeyini itiribsə, bu hazırlıqlı klublara aiddir. Futbolda doğma stadion, meydan amili hər dəfə təsadüfən səslənmir. Sonda hər xırda element təsiredici ola bilər. "Qarabağ" son illərdə təcrübəlidir, "Neftçi" istəklidir. Heyətlərdə mövqelər üzrə usta futbolçular fərqi var. Bunları meydanda balanslaşdırmaq, eynilə rəqib lider futbolçuları zərəsizləşdirmək baş məşqçilərin taktiki seçimlərindən asılı olacaq".

Keçmiş FİFA referisi oyuna əcnəbi hakimin təyin olunması ehtimalına isə belə münasibət bildirib: "Son günlər əcnəbi hakim faktoru önə çəkilir. Təbiidi, oyunun mahiyyəti göz önündədir. Belə fikirlərin oyamasına əsasən qış fasiləsindən sonra hakim idarəçiliyinə yönələn haqlı narazılıqlar səbəb olub. Bunun baş verməməsi üçün Hakim və İnspektorlar Komitəsi "Neftçi"-"Qarabağ" görüşünə təyin edəcək hakimlər briqadasında səhvə yol verməməlidir. Ən yaxşı, ən təcrübəli, qarşılaşmanın psixoloji yükünü daşıya biləcək hakimlər matçı idarə etməlidir. Qarşılaşmaya təyinat alacaq referi öz köməkçiləri ilə birgə məsuliyyətlərini dərk etməli, oyunu yüksək səviyyədə idarə etməli, obyektivliyi qorumağı bacarmalıdır. İctimai fikirdə azarkeşsiz keçiriləcək görüşün müzakirə mövzusu hakimlərdən daha çox, komandalar, oyuna hazırlıq olmalıdır. "Neftçi", "Qarabağ" oyunöncəsi müzakirələrdə hakim idarəçiliyi problemləri kölgəsində qalmamalıdır. Arzu edirəm ki, bu matç ölkə futbolunun yenidən dirçəlməsinə, bölgə klublarımızın geridönüşünə önəmli təkan versin!".

Xəbər Lenti