"Karantin bitdikdən sonra birliyi rəsimləşdirəcəyik"

27 İyul 2020 23:40 Azarkeş 568
"Karantin bitdikdən sonra birliyi rəsimləşdirəcəyik"

Tanınmış futbol azarkeşi, “Sektor 11” fanklubunun rəhbəri Atanur Cəfərli Azərbaycan Azarkeşlər Birliyi (AAB) adlı qurum yaradıb.

Sportinfo.az xəbər verir ki, təşkilat ölkəmizdə fəaliyyət göstərən yerli və xarici komandaların fanat qrupları ilə əməkdaşlıq edəcək.

AAB-ın məqsədi ölkə idmanına, xüsusilə də futboluna dəstək olmaq, azarkeş mədəniyyətinin formalaşmasında yaxından iştirak etməkdi. Qurumun fəaliyyət istiqamətlərini öyrənmək üçün təsisçi Atanur Cəfərli ilə əlaqə saxladıq (Futbol):

“Bir azarkeş kimi deyim ki, belə birliyə həmişə ehtiyac olub. Hazırda onsuz da heç bir klubumuz böyük azarkeş kütləsinə malik deyil. Məqsədimiz tribunadakı rəqabətdən əlavə, kənarda azarkeş qrupları ilə bərabər işlər görüb, Azərbaycanda azarkeş mədəniyyətinin formalaşmasına xidmət etməkdi.

Ölkəmizdə xarici futbol klublarının azarkeşləri yerli komandaların fanatlarından daha çoxdu. Bu azarkeş birliyi vasitəsi ilə ölkəmizdə fəaliyyət göstərən həmin azarkeş qrupları ilə müntəzəm əlaqədə olub, müxtəlif lahiyələrə imza atmaq istəyirik”.

Cəfərli AAB-ın premyer-liqa oyunlarında azarkeşlərin artımına səbəb olacağını düşünür: “Hədəflərimizdən biri də budu. İstəyirik ki, yalnız avrokubokda yox, çempionat oyunlarında da azarkeşlər tribunalarda olsun”.

“Birliyin idarəetmə sistemi necə olacaq” sualını isə Cəfərli belə cavabladı: “Rəhbər və idarə heyətində yerli və xarici azarkeş qruplarını təmsil edən nümayəndələr olacaq. Hazırda Əsasnamə hazırlanır. Karantin bitdikdən sonra birliyi rəsimləşdirəcəyik. Azarkeş qrupları öz təmsilçilərini özləri seçəcək”.

Birliyə digər təşkilarlardan fərqli üzv olmaq o qədər də asan olmayacaq. AAB rəsmisi yalnız fanklub rəhbərlərinin müraciətindən sonra müəyyən şəxslərin birliyə üzv ola biləcəklərini qeyd etdi:

“Birliyə fərdi azarkeşlər üzv ola bilməyəcək. Üzvlər yalnız azarkeş qruplarının özlərinin seçdiyi nümayəndələr olacaq. Azərbaycan Azarkeşlər Birliyi tribunada yox, əsasən təşkilati məsələlərdə birlik göstərəcək”.

AAB təkcə futbola kifayətlənməyəcək, başqa idman növlərində də təmsilçilərimizə dəstək olacaq: “Hələ ki heç bir qurumla əlaqə yaratmamışıq, karantindən sonra Gənclər və İdman Nazirliyi, AFFA, PFL və digər federasiyalar ilə görüşlər nəzərdə tutulub.

Əlavə olaraq klublarımızla da əlaqələri genişləndirəcəyik. Xarici azarkeş qrupları ilə şəxsi əlaqələrim var. Lakin bu birlikdən sonra qurum olaraq danışıqlar aparıb, müxtəlif işlər görəcəyik.

Bu azarkeş birliyi tək futbol yox, digər idman növlərini də əhatə edir. Ölkə adına bütün yarışlarda iştirak edib, idmançılarımıza dəstək olacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"