"Onların dərd-səri, xəstəliyi “Neftçi”di" - OLAYA REAKSİYA

22 Dekabr 2018 18:48 Azarkeş 737
"Onların dərd-səri, xəstəliyi “Neftçi”di" - OLAYA REAKSİYA

Sportinfo.az xəbər verir ki, “Neftçi”nin kubok mübarizəsində öz meydanında “Sumqayıt”a 0:2 hesabıyla məğlub olması bir başqa hadisənin kölgəsində qaldı.

Komandanın hər cəhətdən özündən zəif olan rəqibə uduzması bir tərəfdə qalıb, əsas müzakirə mövzusu “Forza Neftçi”nin və qrup rəhbəri Sübhan Əliyevin başına gələnlərdi.

“Sabah”la oyunda yaşananlara görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunan, səhərdən axşama qədər dindirilən qrup rəhbəri hazırda ailə üzvlərinin yanında olsa da, bu cağırışın özündə real təhlükənin olması gün kimi aydındı.

Gələcəkdə ciddi problemlərin yaşanmaması üçün ölkədə öz dəst-xətti ilə seçilən “forzalılar” bundan sonra bir müddət tribunalarda görünməyəcəklər. Daha doğrusu, qrup halında bir araya gəlməyəcəklər. Belə məsləhət görülüb, bu cür olması lazımdı.

Təbii, təkcə “Neftçi” yox, ölkə futbolu adına böyük zərbə olacaq. Azarkeşləri stadiona səslədiyimiz vaxtda məlum addımın atılması stadionlardakı ab-havaya təsirini göstərəcək.

Bununla da özünü əsl azarkeş gözündə görən başqaları da arenalara tum çırtlamağa gələcək. Bu isə istənilən halda digər qrup üzvlərini də narahat etməlidi.

Çünki bu gün “Forza”nın başına gələnlərlə sabah başqaları üzləşə bilər. Bu səbəbdən ölkədə müəyyən çəki sahibi olan azarkeş qruplarının üzvləri ilə danışmaq, mövqelərini öyrənmək qərarına gəldik (Futbol+).

“Sübhan Əliyevin çağrıldığı yerə vaxtilə mən də dəvət olunmuşdum”
Atanur Cəfərli, “Sektor 11”in sabiq rəhbəri:
“Forza Neftçi”ni bizdən yaxşı başa düşən olmaz. Çünki birvaxtlar eyni hadisə bizim də başımıza gəlmişdi. Dəqiq desəm, 2013-cü ildə. O vaxt biz də məcburiyyətdən fəaliyyətimizi dayandırmışdıq. Sadəcə, səbəbləri tam açıqlaya bilməmişdik. O vaxt hərbi xidmətdəydim deyə, qrupun üzvləri fəaliyyəti dayandırmışdı. Sırf bizdən asılı olmayan səbəblərə görə idi. İndi eyni vəziyyətlə “Forza” üzləşib. Əlbəttə, xoş bir şey deyil. Azarkeş qrupları heç vaxt siyasətə qarışmayıb, siyasi çəkişmələrə qoşulmayıb. Ona görə də hansısa azarkeş qrupunun tribunadakı hərəkətlərini siyasətlə əlaqələndirmək heç bir məntiqə sığmır. Azarkeşin işi 90 dəqiqə komandasını dəstəkləməkdi. “Forza”nın uşaqlarını geri çəkilməklə bağlı qərara görə qınaya bilmərəm. Dünən Sübhan Əliyevin çağrıldığı yerə vaxtilə mən də dəvət olunmuşdum. İndiki durumda Sübhan tək özünü yox, həm də qrupun üzvlərini düşünür. Gələcəkdə kimlərəsə problem yarana bilər, hansısa təxribatın qurbanına çevrilərlər. Adi bir nümunə deyim. Aparıcı qruplarda 200-300, bəzən 500 nəfər olur. Hər birini yaxından tanıya bilməzsən. Gəlib deyir ki, “Neftçi” azarkeşiyəm, tribunada fəal azarkeşlik etmək istəyirəm. Amma bilmirsən kimdi, nəçidi. Sabah həmin şəxslərdən 1-2 nəfəri təxribat törətmək üçün hadisələri fərqli tərəfə yönəldə bilər. Kimsə “forzalılar”ın yer aldığı tribunadan meydana çıxıb futbolçunu vurar, yaxud oturacağı sındırıb meydana atar. Belə olduğu halda məsuliyyət həmin qrupun üzərində qalır. Hər nə qədər “tanımıram” desən də, sənin sektorunda əyləşməsi qarşı tərəfə haqq qazandırır. Bu cür işlər bir az fərqlidi, sistem qurmaq çətindi. Ona görə də “Forza Neftçi”nin addımını doğru hesab edirəm... Bizdə stadionlara az azarkeşin gəlməsi, bu baxımdan Avropa ilə müqayisədə xeyli geri qalmağımız xüsusi qabardılır. Daha bilmirlər ki, qrup formalaşdırmaq və onun başında durmaq Azərbaycanda çox çətindi. Bizdə azarkeş istəmirlər, azarkeşlik lazım deyil. İllərdi müşahidə etdiklərim əsasında bu qənaətə gəlmişəm. Bölgələrdə futbolun olmamasını da bununla əlaqələndirirəm”.

“Onların tribunada olması ölkə futboluna rəng qatır”
Elnur Quliyev, “İmarət”in İdarə Heyətinin üzvü:
“Yaşananlardan və yayılan bəyanatdan xəbərim var. Amma yazılanlardan “Forza Neftçi”nin rəhbərinin niyə “Bandotdel”ə çağrılmasının səbəbi tam anlaşılmır. Konkret səbəb göstərilmir, müəmma var. Azərbaycan hüquqi dövlətdi. Azarkeş, çilingər, mexanik - fərq etmir, hər bir şəxs müəyyən səbəblərdən məlum orqana dəvət oluna bilər. Yaxşı olardı ki, “Forza”nın rəhbəri səbəbləri açıqlasın və ya siz özünüz Daxili İşlər Nazirliyinin mətbuat katibi ilə əlaqə saxlayıb məsələnin kökündə nə(lər)yin dayandığını öyrənəsiz. İctimaiyyətə qaranlıq qaldığı kimi, bizə də qaranlıqdı. Məsələnin digər tərəfinə gəlincə, “Forza Neftçi” tribunada bizə rəqib olsa da, tribunadan kənarda münasibətlərimiz normaldı. Onların tribunada olması ölkə futboluna rəng qatır. Nə qədər ki, azarkeşlər arasında rəqabət olacaq, inkişaf da olacaq. Azarkeş qrupları nə qədər çox olsa, futbolun xeyrinədi. Aprel döyüşlərində “Forza Neftçi” və digər azarkeş qrupları ilə birgə yürüş keçirmişdik, Cocuq Mərcanlıya baş çəkmişdik. Bütün bunlara baxmayaraq, əsl səbəbləri bilmədən nəsə demək çətindi”.

“Bir dəfə də siyasətlə bağlı nəsə danışdıqlarını eşitməmişəm”
Cavad Şərifli, “Red Black Army”nin rəhbəri:
“Tam dəqiqliyi ilə olmasa da, başverənlərdən xəbərdaram. Tribunada 90 dəqiqə bir-birimizə rəqib olsaq da, kənarda dost-qardaşıq. Xeyir-şərdə münasibətimiz olan qardaş uşaqlardı. Böyük əksəriyyəti ilə də əlaqəmiz var. Bu gün ölkə futbolunda iki böyük azarkeş qrupu varsa, biri “Forza Neftçi”di. Rəqibimiz olsa da, bunu deməliyəm. Gördükləri böyük işlər göz qabağındadı. Maşallah, sayları gündən-günə artır, komandalarına lazım olan dəstəyi verirlər. “Neftçi” 8 komanda arasında 6-7-ci pillələrdə yer alanda da tribunada olublar, dəstəklərini əsirgəməyiblər. Düzdü, azarkeş o demək deyil ki, stadionun ərazisinə girdisə, istədiyini etməlidi, sağa-sola baxmamalıdı. Əlbəttə, müəyyən qaydalara riayət etmək lazımdı. Ancaq elə şeylər də var ki, onları şişirtmək düzgün deyil. Mənim də başıma gəlib, 30 qəpiklik “vzrıvpaket”ə görə bölməyə aparıblar. Oturacaq sındırmağa görə məsələni bu dərəcəyə qaldırmağı doğru saymıram. Özləri də bəyanatda qeyd ediblər ki, dəyən zərərin xərcini özümüz qarşılamağa hazırıq. Kənardan baxıram və düşünürəm, sanki ölkədə azarkeş birliyinin olması, belə deyim, say çoxluğu kimlərisə narahat edir, qorxudur. Mənə elə gəlir ki, yaşananlar çox şişirdilir. “Forza Neftçi”nin uşaqları ilə dəfələrlə süfrə arxasında oturmuşam. İndiyə qədər bir dəfə də siyasətlə bağlı nəsə danışdıqlarını eşitməmişəm. Ümumiyyətlə, siyasi söhbətlərdən uzaq dururlar. Ona görə də onlardan hansısa məmuru istefaya səsləmələrini gözləmirəm, görməmişəm. Onların dərd-səri, xəstəliyi “Neftçi”di. Nədənsə narazı qalsalar da, hakimləri, uzağı klubda kimisə tənqid edərlər. Bu da normaldı, hər yerdə var... Bəyanatda bir müddət tribunada olmayacaqlarını qeyd ediblər. Fikrimcə, doğru qərardı. İstər-istəməz nəzarət altında olacaqlar. Hansısa 15-16 yaşlı uşağın bilmədən etdiyi yanlış hərəkətin sonluğu pis qurtara bilər. Onsuz da bir oyundan sonra ayyarımlıq fasilə olacaq. Ümid edək ki, bu müddət ərzində məsələ həllini tapacaq və fevraldan etibarən “Forza Neftçi” yenə tribunada yerini tutacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!