Bir ölkədə ki, azarkeş yoxdu, onun futbolu da ola bilməz.
İstəyirsən Messini cagir, ya Ronaldonu, lap elə Anatoli Banişevski qəbirdən durub gəlsin, xeyri yoxdu.
Futbola rəng qatan təkcə meydanda top dalınca qaçanların etdiyi hərəkətlər deyil. Sizi inandırım, tribunalar boş olandan sonra futbolçuların özləri də bunda maraqlı olmayacaq.
Çünki onlar şounu azarkeşlər üçün göstərir. Çörəkləri tribunadakıların ciblərindən çıxır. Azarkeş olmayandan sonra kimdi illik abunə biletlərindən qazanan, kimdi stadionda bannerini yerləşdirən və ya Neymarın, Salahın, Modriçin hansı şirkətin dəstlərindən yararlanmasının nə önəmi?
“Forza Neftçi”nin rəhbəri “bandotdel”ə çağrılıb. Hansısa şəxsi məsələyə görə yox ha. Sırf başçılıq etdiyi qrupun tribunadakı əməllərinə görə. Uca səslə qışqırıblar, oturacaqları sındırıblar, Rəhim Həsənovu söyüblər, hə, bir də vacib məqam – hansısa dövlət məmurunu istefaya səsləyiblərmis.
Həmin oyunu canl izləyən biri kimi əminliklə deyə bilərəm ki, orda hansısa məmurun ünvanına söyüş, “istefa” sözü işlədilməyib. Kimi söyəcəkdilər? Həmin gün hava yağışlı olduğuna görə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi, yoxsa “Əlincə Arena”nın tikintisi üçün şəhərin mərkəzini yox, Masazırı məsləhət görən paytaxtın sabiq meri Hacıbala Abutalıbovu? İnandırıcı deyil axı. Uzağı Hakimlər Komitəsinin sədri Frits Stuxliki söyə bilərdilər, ən pis halda ölkə futboluna cavabdehlik daşıyan Rövnəq Abdullayevi. Onu da söyə bilməzlər. Daha doğrusu, söyməzlər. Çünki hara fırladırsan-fırlat, adam həm də “Neftçi” üçün pul çıxan mənbənin (ARDNŞ) şefidi. Özü də vaxtilə bu klubun rəhbəri olub, zaman-zaman “ağ-qaralar”a sevgisini göstərib. Baş katib Elxan Məmmədovun təhqir olunması, ya da istefaya səslənməsi ehtimalı ola bilər ki, əldə belə bir fakt varsa, gərək ölkənin ən azı yarısı “bandotdel”ə dəvət olunsun.
“Bandotdel” – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi. Adından da göründüyü kimi, bu orqan mütəşəkkil cinayətkarlıqla məşğul olur. Yəni ölkədə iğtişaş yaratmaq istəyənləri saxlayır, qanunsuz odlu-silah gəzdirənləri, alıb-satanları həbs edir, polis bölmələrinin yaxalaya bilmədiyi cinayətkarları aşkara çıxarır. Bir sözlə, sanballı işlərlə məşğul olur. Sübhan Əliyev kimi bacarığı boğazını tribunada yırtmağa bəs edən birini saxlayıb, səhərdən axşama kimi dindirmək, inandırım sizi, orda oturanlar üçün önəmli məsələ deyil. Nə var ki, tribunada 50-100 oturacaq sındırıblar, səs-küylərini başlarına atıblar.
Ay başına döndüyüm, həddini aşan azarkeşi təhbeh etməyin yolu var da. Mindirirsən polisin xidməti maşınına, aparırsan bölməyə. İzahatını alıb, cəriməsini yazırsan. Bir az da hədə-qorxu gəlirsən, bəs edir. Sabah yenə eyni adamı saxlayanda qanun çərçivəsində bir az da sərt tədbir görürsən. Bunu hamı bilir də. Odu ki, Sübhanın “bandotdel”ə çağrılması sıradan işə oxşamır. Mütləq və mütləq futbolun başında duranlardan kimsə adı çəkilən orqana bu barədə məlumat verib, ağız açıb, xahiş edib. Ki, “Forza Neftçi” ölüm ayağında olan Azərbaycan futboluna rəng qatır. Onları elə hala salın ki, ya stadiona gəlməsinlər, ya da qışqırmasınlar. Tamaşaya baxıb getsinlər.
Yetər, ay bu işə qol qoyanlar, başında duranlar, ortaya iyrənc ideyalar atanlar. Yetər! İllərdi ölkə başçısının futbola ayırdığı milyonlar, bəlkə də milyardlar suya atılır. Nə futbol var, nə də futbolçu.
Bölgə futbolunu məhv etdiz, sponsorları iyrəndirdiz, yığma üzvlərinə haqq etmədikləri yüzminləri, milyonları verib futboldan doydurduz. Yarıtmaz siyasətlə futbolun “anasını ağlatdız” və hələ də əməlinizdən əl çəkmirsiz.
Heç olmasa, tribunalarla işiniz olmasın İmkan verin, xoş gələcəyə ümid edib stadiona gələn 100-200 nəfər “qurdunu öldürsün”. Xaricdən gələnlər də tribunalara baxıb elə bilsinlər ki, bizdə də futbol var.
P.S.: Sübhanla hər söhbətimdə tribunada söyüş söyülməsinə qarşı olduğumu demişəm. Qatı əleyhinəyəm. Çünki mən də öz balamla oyunu stadionda izləmək istəyirəm.
Amma bu problemi həll etməyin yolu azarkeşi “Ankara liseyi”ndən bir tin yuxarıdakı beşmərtəbəli binaya çağırmaq deyil axı.
HƏBİB

