"Kəpəz" yeni ilə uğursuz start verib. Gəncəlilər Premyer Liqanın üçüncü dövrəsinin ilk 2 turunda məğlubiyyətlə üzləşib. "İnter"ə 1:4 yenilən qərblilərin 1 saat meydanda 10 nəfərlə mübarizə aparan "Zirə"yə də gücü çatmayıb. Ev sahibləri 28-ci dəqiqədə Sezar Meza Kollini qırmızı vərəqə səbəbindən itirsə də, qələbə topunu vura bildi və Şahin Diniyevin üzünə tərs sillə çəkdi.
Bu, 6 xallıq bir qarşılaşma idi və yenilgi "Kəpəz"i avrokuboklar zonasından daha da uzaqlaşdırdı. Kubokda mübarizəni erkən dayandırmış "sarı-göylər"ə bundan sonra yalnız fələk kömək edə bilər. Diniyev? Qətiyyən! Gəncə publikası yalan vəd vermək üzrə dünya rekordı qırmış baş məşqçiyə artıq inanmır. "Xəmsə" müstəqil fan klubu "feysbuk" səhifəsində bəyanat yayaraq sevimli klublarını qeyri-müəyyən müddətə boykot etdiklərini açıqlayıb:
"İllərdi ki, "Kəpəz"in hər addımında yanında olub onu dəstəksiz qoymayan "Xəmsə" müstəqil fanat klubu komandanın bərbad çıxışı, Gəncə şəhər stadionunun, idman bazasının yararsız vəziyyətinin aradan qaldırılması istiqamətində klub rəhbərliyi tərəfindən heç bir addımın atılmaması, "Kəpəz"i faktiki olaraq Bakı klubuna çevirməsinə etiraz olaraq komandanın oyunlarını qeyri-müəyyən müddətə boykot edir.
Növbəti mərhələlərdə etiraz olaraq başqa addımların da atılması nəzərdə tutulur. Boykotun müddəti, etirazların hansı istiqamətdə aparılması, və ya dayandırılmasına qərar Müşahidəsi Şurasının məsələ ilə bağlı rəsmi açıqlamasından sonra qərar veriləcək".
"Kəpəz" Zirədə dəstəksiz qaldı. Gəncə klubu Premyer Liqaya qayıdışının ikinci ilini keçirir, belə fakt isə ilk dəfə qeyd alınır. Aydın məsələdi ki, Diniyevin yarıtmazlığı "Kəpəz" azarkeşini boğaza yığıb. Klub rəhbərliyi qara görə oyunun məkanını dəyişsə də, bilet almış azarkeşlərə jest etmişdi: onlar "Zirə" ilə qarşılaşmanı rəqib meydanında izləyə bilərdilər. Bunun üçün həmin biletləri cırıb tullamamaları, özüylə qəsəbə stadionuna gətirmələri lazm idi. Heç biri bunu etmədi. "Xəmsə"nin bəyanatı isə göstərir ki, etiraz aksiyasının miqyası böyüyəcək. Forması sərtləşəcək.
"Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu Sportinfo.az-a açıqlamasında bildirib ki, azarkeşlərin komandadan narazılığını haqlı hesab edir: "İki turdu uduzuruq. Komandamız zəif oyun nümayiş etdirir. 10 nəfərlə qalan "Zirə"yə uduzan futbolçular tənqidə layiqdi. Oyundan sonra mən də onlara sözümü dedim. Bu gün də görüşəcəyik. Ciddi söhbətimiz olacaq.
Vəziyyət bu cür davam etməməlidi, hökmən dəyişməlidi. Bunun məsuliyyəti isə komandadadı. Azarkeş onlardan yaxşı oyun və nəticə istəyir. Bunlar olmayınca, əlbəttə ki, narazı qalacaqlar. Mən azarkeşin mövqeyinə hörmətlə yanaşır və haqlı hesab edirəm. Biz istəyirlik ki, fevralın 3-də bütün fanklubun nümayəndələri ilə Gəncədə görüş keçirək. Elan da vermişdik. Güclü qara görə "Zirə" ilə oyunumuzun yeri dəyişdi, ona görə də bu görüş baş tutmadı.
Bu toplantını "Qarabağ"la oyundan əvvələ saxlamışıq. "Kəpəz"in Gəncədə qalmasını biz də çox arzulayırıq. Bunun üçün müəyyən şərait olmalıdı. Əvəzedici heyətimiz məşqlərini Samuxda keçirsə, əsas komanda Gəncədə necə məşq etsin? Əvəzedicilər ev oyunlarını Yevlaxda qəbul edir. Aşağı yaş qruplarımız da qonşu rayonda oynayır. Əsas komanda ötən mövsüm təlim-məşq toplanışını Yevlaxda keçirdi, orda da hazırlaşırdı.
Artıq bu, mümkün deyil. Meydançadan istifadə etmək mümkün olsa da, baza başqa təşkilata icarəyə verilib. Komandalarımız stadiondan indiyədək pulsuz istifadə edir, bugünün özündə də "Kəpəz"dən pul almırlar. Göstərdikləri bu diqqətə görə Yevlaxın və stadionun rəhbərliyinə bir daha öz minnətdarlığımızı bildiririk. Havaların düzəlməsini gözləyirik indi.
Bir az yaxşı olan kimi Gəncə stadionunda yeniliklər etməyə başlayacağıq. Yaxşı planlarımız var və inanıram ki, azarkeşlər bunu bilsə, çox sevinəcək. Bizim də, onların da məqsədi birdi - "Kəpəz"in yaxşı nəticələr qazanmasına nail olmaq. Hələlik stadionla bağlı nələri planlaşdırdığımızı açıqlamaq istəmirəm. Tezliklə müxtəlif layihələrin icrasına start verəcəyik".

