"Sən kimsən ki, “Qarabağ”ı klub saymıram” deyəsən? Özbaşınasan?"

18 May 2021 20:00 Azarkeş 1 781
"Sən kimsən ki, “Qarabağ”ı klub saymıram” deyəsən? Özbaşınasan?"

Eldar Mansurovun ciddi əks-səda doğuran müsahibəsini, yəqin ki, xatırlayırsız.

Sportinfo.az xəbər verir ki, tanınmış bəstəkarın “Qarabağ”ı komanda hesab etmirəm” fikri ictimaiyyət arasında yaxşı qarşılanmadı.

Ağdam təmsilçisinin stajlı azarkeşlərindən Toğrul İsmayılov müraciət edərək, şikayətini dilə gətirdi (Futbol+). O, bəstəkarın fikirlərinə etiraz etdi.

İsmayılov Mansurovu müdafiə edən Rüstəm Rəhimovu da qınadı: “Eldar Mansurovun dediklərinə görə sizə müraciət etmişəm. Tanınmış bəstəkar deyir ki, “Neftçi”yə sevgim olduğu üçün bu fikirləri səsləndirmişəm. Bu səbəbdən də azarkeşlər üstümə düşür. Eldar bəy, sənin “Neftçi” sevginə etirazımız yoxdu. Ömrünün axırına kimi, ölənə qədər bu komandanın eşqi ilə yaşaya bilərsən. Problem “Qarabağ” haqda dediklərindi. Necə yəni “Qarabağ”ı komanda saymıram? Adama deyərlər, sən kimsən? Heç nə yox, hansısa klubu göstərə bilərsiz ki, tarixində Adil Nadirov kimi dahi şəxs olsun? Bu adam klubun yaşaması, Azərbaycan futbolu üçün canını qoyub. Allahverdi Bağırov kimi kapitan hansı klubun heyətində çıxış edib? Bəli, hamı qəbul edir ki, “Neftçi” SSRİ çempionatında çıxış edib. Buna kimsə nəsə demir. Hər bir klubun özünə görə tarixi var. İndi “Neftçi” o vaxtlar yaxşı çıxış edib deyə, “Qarabağ” inkişaf etməməlidi? Ağdam klubu Avropanın ən nüfuzlu turniri olan Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb. Qafqazda bu nəticəni təkrarlayan ikinci klub göstərə bilərsiz? Yox! Çünki bunu ancaq “Qarabağ” bacarıb. MDB-də vəsiqə qazanan beşinci ölkənin klubudu. Yəni hərənin özünə görə inkişaf yolu və tarixi var”.

Həmsöhbətimiz Ağdam təmsilçisinin qəsdən irəli çəkilməsi fikrini də qəbul etmir: “Deyir ki, “Qarabağ”ı qabağa çəkirlər. Qardaş, 2008-ci ili yadınıza salın. Qurban Qurbanovun komandaya gəlişi, gördüyü işlər sayəsində Ağdam klubunda dirçəliş oldu. Bəstəkar deyir ki, komanda legionerlərin sayəsində oynayır. “Atletik”dən başqa əcnəbi futbolçulardan imtina edən klub göstərə bilərsiz? Bu, boş söhbətdi. Yadınıza salın 2010-11-ci illəri. Çempionatda çıxış edən bütün komandaların heyətində 11-12 legioner var idi. Amma “Qarabağ” yerli futbolçularla avrokuboklarda “qan elədi”. Ona qədər heç kim fikirləşmirdi ki, öz uşaqlarımızın da xidmətindən yararlanaq. Qurban Qurbanovun komandası qoydu bu ənənənin əsasını. Həmin komandada Admir Telidən başqa legioner futbolçu kim idi? Bu komandanın sabiq mətbuat katibi Nurlan İbrahimovu 3 cümləlik sözünə görə futboldan ömürlük uzaqlaşdırdılar. “Qarabağ”ı qabağa çəksəydilər, icazə verərdilər UEFA belə qərar versin? Avropada Ağdam təmsilçisinin yolunu açmaqla bağlı hansısa xırda bir dəstək olsaydı, vallah, UEFA və FIFA elə sanksiyalar tətbiq edərdi ki, gəl, görəsən. Eldar Mansurov özü də bilir ki, erməni lobbisinin bu qurumlara təsiri necə böyükdü”.

Toğrul bəy “Qarabağ”ın ilkləri gerçəkləşdirdiyini söylədi: “Ümumiyyətlə, “Qarabağ” Azərbaycan futbolu tarixinə damğa vurub. Avrokuboklarda ilk dəfə səfərdə nəticə əldə edib. İlk dəfə “böyük beşlik” ölkələrinin klublarını gətirib Azərbaycana. Yürgen Kloppun əfsanəvi “Borussiya”sı ilə qarşılaşıb. Bunları bilməyən adam deyir ki, “Qarabağ”ı komanda saymıram. Sonra atdı jurnalistin üstünə ki, bunu dilə gətirməmişəm. Sözünün arxasında durardın. Sadə vətəndaşlar ona bəstəkar kimi həmişə hörmət ediblər. Öz sahəsi üzrə ölkənin ən yaxşısıdı Eldar Mansurov. Buna söz yoxdu. Amma bu o demək deyil ki, hər ağlına gələni danışmalıdı. Azərbaycan şəhidlər və qazilər ölkəsidi. Sadəcə, şəhid ailələri, qazilərin istənilən mövzu haqda danışmağa haqqı var”.
Azarkeş sonda Rüstəm Rəhimovun fikirlərinə də reaksiya verdi: “Rüstəm Rəhimov onu müdafiə edir. O da səhv edir. Deyir ki, Eldar Mansurovun “Neftçi” sevgisi var. Bizim hamımız uşaqlıqdan bu kluba məhəbbət bəsləyirik. Yenə deyirəm, bu bizə maraqlı deyil. Sadəcə, nə üçün “Qarabağ” haqda danışır? Ağdamda, “İmarət” stadionunda son oyunu idarə edən Rüstəm Rəhimov olub. Mayın 12-də “Qarabağ”la “Turan” üz-üzə gəlirdi. İndi “Qarabağ”ı komanda saymıram” deyəni necə müdafiə edə bilər. Eldar Mansurov bilmir ki, Azərbaycan çempionatında həmişə çıxış edən iki klub var? Onlardan biri “Qarabağ”, digəri “Neftçi”di. 2001-ci ildə Fuad Musayevin dövlətlə problemi olanda, futbolun pis vaxtlarında “Azərsun” şirkəti komandaya sponsor oldu. O gündən bəri bu işi öhdəsinə götürüb. Allah onların canlarını sağ eləsin. Bu qədər əziyyəti yerə vurmaq olmaz axı. Eldar Mansurov danışanda sözlərinə fikir versin. Sən kimsən ki, “Qarabağ”ı klub saymıram” deyəsən? Özbaşınasan? “Qarabağ”ı dünyada tanıyırlar. Avropa Klublar Assosasiyasının üzvlərindən biridi Ağdam təmsilçisi. “Real”ın, “Yuventus”un rəhbərlərinin yanında “Qarabağ”ın nümayəndəsi oturur. Sənin haqqın nədi “bu komandanı saymıram” deyəsən?”

Digər Xəbərlər
Xəbər Lenti