Gəncəlilər Vahabzadənin istefasını tələb edir: “İndi nəticələrə görə utanırıq”

18 Aprel 2021 20:00 Azarkeş 809
Gəncəlilər Vahabzadənin istefasını tələb edir: “İndi nəticələrə görə utanırıq”

Sportinfo.az xəbər verir ki, mövsümdə 10-cu məğlubiyyəti alan “Kəpəz” azarkeşlərini məyus etməkdədir.

Gəncəli tərəfdarlar artıq komandanın yenilgilərini həzm edə bilmirlər.

Stadiona buraxılmayan azarkeşlər və fanklublar məcbur olub ürək sözlərini sosial şəbəkələr vasitəsi ilə ictimaiyyətə çatdırırlar.

Vahid Vəliyev ad-soyadlı azarkeş Gəncə futbolunun bugünkü durumundan narazılığını bildirməklə yanaşı, gəncəli futbolsevərlər adından danışmaq istədiyini söylədi (Futbol+).

53 yaşlı futbolsevər “Kəpəz”in uğursuzluğuna görə həm məşqçilər korpusunu, həm də futbolçuları, yumşaq desək, qınadı:

“Kəpəz”in oyunlarını SSRİ dönəmindən izləyirəm. Komandanın sadiq azarkeşlərindənəm. 53 yaşım var. Mən hələ indiyədək belə aciz, zəif “Kəpəz” görməmişəm. Vaxtilə ölkənin ən iddialı komandaları, SSRİ birinciliyi zamanı Rusiya, Gürcüstan, Ukrayna klubları Gəncədə 1 xal qazananda sevinə-sevinə evlərinə dönürdülər. İndi isə birinci divizionun autsayderləri Yaşar Vahabzadənin çalışdırdığı komandanı asanlıqla məğlub edir. Sonuncu pillədə olan MOİK-ə, 8-ci yerdə qərarlaşan “Qaradağ Lökbatan”a uduzmaq nə deməkdi? Lökbatan təmsilçisinə yenilgi artıq tək məni yox, minlərlə gəncəli azarkeşi özündən çıxarıb. Təəssüf ki, pandemiya səbəbindən azarkeşləri stadiona buraxmırlar. Əks halda biz bu gün “Kəpəz”də çalışan məşqçilərə, komandanın şərəfini qoruyan futbolçulara yerlərini göstərərdik. Klubun azarkeşlərlə əlaqələndiricisi funksiyasını icra edən Elmar Əliyevə dəfələrlə müraciət etmişik ki, bizi Vahabzadə ilə görüşdür, ürək sözlərimiz ona da deyək. O isə pandemiya səbəbindən belə görüşlərin keçirilməsinə icazə verilmədiyini bildirb. “Kəpəz”in PFL-in “yutub” kanalı ilə yayınlanan oyunlarını izləyib xəcalət hissi keçiririk. Belə biabırçılıq olmaz, komanda sanki bilərəkdən azarkeşlərin əsəbləri ilə oynayır. Əvvəllər bir oyunu zəif keçirəndə, futbolçular tərəfdarlardan utanaraq növbəti qarşılaşmada can qoyurdular. İndikilər isə əksinə, turdan-tura daha pis çıxış edirlər, elə bil 90 dəqiqəni yola vermək üçün meydana çıxırlar”.

Bu yerdə Vahid bəyə Yaşar Vahabzadənin qəzetimizə verdiyi müsahibədə səsləndirdiyi “bu gün komandada əsasən gəncəli futbolçular çıxış edir” cümləsini xatırlatmağı özümüzə borc bildik. Onun baş məşqçinin sözlərinə reaksiyası belə oldu:

“Qəzetinizə verdiyi müsahibə ilə tanışam. Yaşar müəllim vaxtilə yaxşı futbolçu olub. Ancaq etiraf etməlidi ki, baş məşqçi kimi Gəncədə işinin öhdəsindən gələ bilmir. Bəlkə də başqa komandada uğur qazana bilər, ancaq “Kəpəz”də özünü doğrultmur. Artıq ikinci ildi komandanın baş məşqçisidi. Ötən mövsüm “hələ yeni gəlib, öz komandasını formalaşdırıb növbəti il çempionluğa oynayar” düşüncəsi ilə ondan heç nə tələb etmədik, komandanın uğursuz çıxışına göz yumduq. Bəs bu il? “Komandada əsasən gəncəli oyunçular çıxış edir” fikrinə gəlincə, bu, bəhanədən başqa bir şey deyil. Gəncəli futbolçular meydanda can qoyub, komandanın adını ucaltmağı bacarmırsa, niyə onları orda saxlayırlar? Mən və mənim kimi minlərlə gəncəli üçün fərqi yoxdu, “Kəpəz”in şərəfini qoruyan oyunçular hansı bölgədən və ya ölkədəndi. Bizim üçün vacib olan komandanın uğur qazanmasıdı. Vahabzadənin Bakıdan dəvət etdiyi və əsas heyətdə daim güvəndiyi futbolçular guya meydanda nəsə edirlər? Nodar Məmmədov, Novruz Məmmədov sənəd üzərində təcrübəli oyunçu hesab olunurlar, ancaq meydana çıxanda rəqibin futbolçuları onları uşaq yerinə qoyur. Tural Qürbətov kimi hücumçu “Kəpəz”in formsını geyməyə layiq deyil. Gəncə 4 il böyük futbolsuz qaldı. Onda yoxluğuna görə üzülürdük və düşünürdük ki, qaranlıq gecənin bir aydın səhəri olacaq. İndi guya komanda var, ancaq nəticələrinə görə utanırıq”.

53 yaşlı azarkeş sonda bunları söylədi: “Mətbuat vasitəsilə gəncəli azarkeşlərin ürək sözlərini AFFA-ya, futbol ictimaiyyətinə çatdırmaq istəyirəm. Yaşar Vahabzadə komandadan getməlidi, “Kəpəz” yenidən formalaşmalıdı. Bu komanda ölkənin ikinci ən böyük, futbol ənənələri olan şəhərinə yaraşmır”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi