Bakıya gələnlərin xərcləri

20 Yanvar 2020 09:00 Atçılıq 1 072
Bakıya gələnlərin xərcləri

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai “Formula-1” üzrə Azərbaycan “Qran-Pri”si ilə bağlı maraqlı detalları açıqlayıb.

Sportinfo.az xəbər verir ki, indiyədək Bakıda keçirilən yarışlar ümumilikdə 506,3 milyon dollar gəlir gətirib.

Hesabatda 506,3 milyon dollar olaraq göstərilən yekun məbləğ yarışlar ərəfəsində “Formula-1” ilə bağlı Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir.

Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və başqa sektorlarda qeydə alınan gəlirlər daxildi.

Bir sözlə, “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə 2016-19-cu illərdə Bakıda təşkil olunan yarışlar ölkəmizin iqtisadiyyatına əhəmiyyətli dərəcədə fayda verib.

Birbaşa gəlirlərdə əsas yeri turizm, mehmanxana və nəqliyyat sektoru tutur. Bakıda təşkil olunan dörd “Formula-1” yarışı ərzində qeydə alınan birbaşa gəlirlərin 73,8 milyon dolları məhz bu sektorların payına düşür.

Həmin dövrdə ümumilikdə birbaşa gəlirlər 300,6 milyon dollar təşkil edib. Bu göstəriciyə “Formula-1” ilə bağlı Bakıya gələn qonaqlara və yarış iştirakçılarına mehmanxana, restoran, nəqliyyat və başqa istiqamətlər üzrə təqdim olunan məhsul və xidmətlər, həmçinin bununla birbaşa əlaqədə yaranan digər gəlirlər daxildir. Dörd “Qran-Pri” ərəfəsində qeydə alınan dolayı gəlirlər isə ümumilikdə 205,7 milyon dollar təşkil edib.

BŞH rəsmisi onu da bildirib ki, gəlirlər sözügedən illər ərzində yerli biznesdə xüsusən yarışa yaxın aylarda çoxlu sayda müvəqqəti iş yerlərinin açılmasını stimullaşdırıb.

Hesablamalara görə, 2016 və 2017-ci illərdə 5-10 min aralığında qısa və orta müddətli yeni iş yerləri açılıb. 2018 və 2019-cu illərdə isə bu göstərici 7,5 min təşkil edib.

Ölkəmizin beynəlxalq miqyasda daha geniş auditoriyaya tanıdılmasında da “Formula-1”in böyük rol oynadığını deyən Arpadarai qeyd edib ki, 2018-ci ildə keçirilən Azərbaycan “Qran-Pri”sini 82,3 milyon televiziya tamaşaçısı izləyib. Bu göstərici 2019-da 10 faiz artaraq 90,2 milyon nəfər təşkil edib.

Digər Xəbərlər
Xəbər Lenti