“Formula 1”in sabiq rəhbəri Berni Ekklstoun Qran-prinin əksər təşkilatçıları ilə brendin hazırkı sahibi “Liberty Media”nın rəhbərliyi arasındakı münaqişənin tənzimlənməsinə köməklik göstərməyə hazırdı.
Sportinfo.az xəbər verir ki, bu barədə 89 yaşlı britaniyalı iş adamının özü “Daily Mail”ə açıqlamasında bildirib.
O, vaxtilə sahibi olduğu “Formula 1”in süqutunu görmək istəmədiyini deyib: “Hər şey onlardan asılıdı.
Mən şirkətin əməkdaşıyam və nə söyləsələr, onu da edəcəm. Yaratdığım idman növünün dağdan dığırlandığını ölüm yatağında uzanaraq, görmək istəmirəm”.
“Formula”in 21 təşkilatçısından 16-sı Promouterlər Assosiasiyasında (FOPA) bir araya gələrək, rəsmi bəyanat yayıblar.
Azərbaycan, Rusiya, Bəhreyn, Sinqapur və Abu-Dabi Qran-prilərinin promouterlərinin imza atmadıqları bəyanatda təşkilatçılar “Liberty Media”nın iş prinsiplərini tənqid ediblər.
Onlar yarışı televiziya vasitəsilə pulsuz izləməyin tədricən məhdudlaşdırılmasından, bir sıra önəmli məsələlərinin müzakirəsinə buraxılmamasından və digər başqa məqamlardan narazıdırlar.

