"Araz-Naxçıvan" Misli Premyer Liqasının 1-ci turunda Qəbələ şəhər stadionunda "İmişli" ilə 1:1 hesablı heç-heçə edib.
Sportinfo.az xəbər verir ki, "ağ-qırmızılar"ın baş məşqçisi Cavid Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Yeni mövsümün başlaması münasibəti ilə futbol ictimaiyyətini təbrik edirəm. Bilirdik ki, çətin oyun olacaq. Bir az gecikməmiz oldu, 5 həftə məşq edə bildik. Ümumilikdə futbolçuların göstərdiyi mübarizədən razıyıq. Başa düşürük ki, potensialımız daha çoxdur. Məşqlərdə daha yaxşı hazırlaşıb qarşıdakı oyunlarda qələbələr qazanmaq istəyirik.
- Qarşıda ard-arda "Neftçi", "Sabah" və "Qarabağ"la oyunlar gəlir. Komanda bu matçlara hazırdır?
- Bəli, bizi qarşıda ağır oyunlar gözləyir. Bu çempionat daha maraqlı olacaq. Bütün rəqiblərə qarşı eyni qaydada hazırlaşacağıq. Çalışacağıq ki, yaxşı nəticələr qazanaq.
- "Səbail"də rəhbərliklə problem yaşamışdız. "Araz-Naxçıvan"da rəhbərliyin dəstəyini hiss edirsiz?
- Fürsətdən istifadə edib rəhbərliyə təşəkkür etmək istəyirəm. Mənə çox dəstək olurlar. İstədiyimiz futbolçuları komandaya cəlb ediblər.
- Mamadu Kane oynamağa hazırdır?
- Komandaya ən son qoşulanlardan biri Kanedir. Ona görə çox da rist etmək istəmirik. Optimal formaya gəlməsi üçün hələ vaxt lazımdır. Fiziki durumunu düzəldəndən sonra onu meydanda görəcəyik.
