“Ölkəmiz üçün yeni dövr başlayır” - Prezident

1 Dekabr 2020 15:10 Araşdırma 366
“Ölkəmiz üçün yeni dövr başlayır” - Prezident

“Mən müharibənin ilk günündən bu günə qədər - sentyabrın 27-dən dekabrın 1-nə qədər Azərbaycan xalqına dəfələrlə müraciətlər etmişəm, qələbə sevincini bölüşmüşəm, azad edilmiş şəhərlərimizin müjdəsini vermişəm. Özümü çox xoşbəxt adam hesab edirəm”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, bu Qələbə bizim əyilməz ruhumuzu göstərdi:

“Göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, lap balaca uşaqlar, yaşlı insanlar, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri bir arzu ilə, biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata keçirmişik. Bu gün bizim bütün arzularımız çin olub. Bu, hər birimiz üçün doğrudan da böyük xoşbəxtlikdir. Artıq müharibə arxada qaldı.

Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.

Digər Xəbərlər
Xəbər Lenti