“Məğlubiyyətlərin günahkarı mən deyiləm” - Azərbaycan millisinin baş məşqçisi

19 Avqust 2023 02:50 Futzal 679
“Məğlubiyyətlərin günahkarı mən deyiləm” - Azərbaycan millisinin baş məşqçisi

Belarusun paytaxtı Minskdə təşkil edilən II MDB Oyunlarında mübarizə aparan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi keçirdiyi 4 oyunun hamısında məğlub olub.

Komanda baş məşqçi İlqar Aslanovun rəhbərliyi altında Rusiya və Belarusa 1:7, Qırğızıstana 2:5, Özbəkistana isə 1:9 hesabı ilə uduzub.

Sportinfo.az xəbər verir ki, “report”un suallarını cavablandıran İlqar Aslanov U-19-un uğursuzluğunun səbəblərini izah edib.

- Yığmanın II MDB Oyunlarındakı böyükhesablı məğlubiyyətləri sizin üçün sürpriz oldu, yoxsa bunu gözləyirdiniz?
- İlk növbədə çox çətin rəqiblərlə düşmüşdük. Təsadüfi deyil ki, Qırğızıstan turnirdə ikinci, Özbəkistan isə üçüncü yeri tutdu. Etiraf etmək lazımdır ki, bizdən güclü idilər. Bəhanə kimi çıxmasın, təqvim ədalətli hazırlanmamışdı, hamı şikayət edirdi. Məsələn, biz ardıcıl üç gün oynadıq. Özbəkistanın son matça hazırlaşmaq üçün 9 saat vaxtı var idi. Amma Qırğızıstan onlarla görüşdən əvvəl iki gün istirahət etmişdi.

- Rəqiblərə ən azı müqavimət göstərə bilməməyiniz nədən qaynaqlanırdı?
- Belarusa getməmişdən əvvəl təlim-məşq toplanışı keçmədik. Komandalar istirahətdə olduqlarından, yoxlama görüşləri təşkil edilmədi. Belədə mübarizə aparmaq çətin olur. Məsələn, Rusiya yığmasının oyunçuları 11 ildir bir yerdədirlər. Bizim uşaqların çoxu bir ildir futzalla məşğuldurlar. Komandanın yarısı birinci dəfə idi ki, belə turnirə qatılırdı, uşaqlar çox həyəcanlı idilər.

- Təlim-məşq toplanışı keçməməyinizin səbəbi nə idi?
- Bizə deyilmişdi ki, hazırlıq olacaq, amma alınmadı. Mənə bildirmişdilər ki, yüksək səviyyədə iki təlim-məşq toplanışı planlaşdırılır. Sadəcə, Bakı İdman Sarayında gündə bir dəfə məşq etməklə kifayətləndik.

- Bu nəticələr Azərbaycanda futzalın gələcəyinin dumanlı olduğundan xəbər vermir?
- Bir ay ərzində yığılan komanda uğur qazana bilməz. Aşağı yaş qruplarından ibarət komandalar olsa, onlar da getdikcə təcrübə toplayarlar. Belə olmalıdır ki, əsas milliyə də ancaq yerli futzalçılar cəlb edilsin.

- Deməli, problem təməldədir?
- Tamamilə doğrudur. Təməl olmasa, belə də davam edəcək. Futbolda istedadı hər gün kəşf edə bilmirsən. Aşağı yaş qrupu üzrə yığmadan hər il 1-2 oyunçu əsas milliyə çağırılsa, ölkəmizi də beynəlxalq arenalarda yalnız özümüzkülər təmsil edərlər. Uşaq futzalına mütləq diqqət ayrılmalıdır. Ötən ildən U-17 və U-19 liqaları yaradılıb.

- 17 yaş çox gec deyil?
- Düzdür, çox gecdir. Problemləri çox yaxşı sadalayırsınız. Amma uduzduğumuz zaman nəsə deyəndə elə bilirlər ki, bəhanə gətirirəm. Hər şey göz önündədir. Məğlubiyyətlərin günahkarı mən deyiləm. Yerimdə başqası olsaydı, yenə eyni hesablar qeydə alınacaqdı.

- Bununla bağlı heç Futzal Federasiyası ilə söhbətiniz olub?
- Bəli, neçə ildir deyilir ki, uşaq komandaları yaradılmalıdır.

- Belarusdakı nəticələrlə bağlı federasiyaya hesabat vermisiniz?
- Turnirdən dünən gəldiyimiz üçün rəhbərliklə hələ görüşümüz olmayıb. Bu barədə mənə heç nə deyilməyib. Yəqin ki, yaxın günlərdə görüş təşkil edilər.

- Yığmada qalıb-qalmayacağınız da bəlli deyil?
- Buna da federasiya rəhbərliyi ilə görüşdə aydınlıq gələcək.

Xəbər Lenti