Prezident Trampın Qarabağ haqda mövqeyindən danışdı

25 Oktyabr 16:10 Araşdırma 288
Prezident Trampın Qarabağ haqda mövqeyindən danışdı

“Düşünürəm ki, Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik: “Biz görürük ki, ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir. Prezident Trampın Türkiyə ilə bağlı tənqidi fikirlərinə gəlincə, yeri gəlmişkən, mən bunu mətbuatda görməmişəm. Lakin onun fikirləri konstruktiv olub. ABŞ tərəf tutmur. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Biz çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Lakin, eyni zamanda, Prezident Trampın açıq siyasəti burada - Azərbaycanda təkcə mənim tərəfimdən deyil, xalqımız tərəfindən də dəstəklənir”.

- Sizcə bu diplomatik cəhd ABŞ-da prezident seçkilərinə dair siyasət ilə əlaqəlidir?

- Mən bilmirəm. Hesab edirəm ki, Amerika seçiciləri səslərini Amerika üçün ən yaxşı nədir yanaşmaları və ehtimalları əsasında verəcəklər. Düşünmürəm ki, Qarabağ münaqişəsi amerikalıların narahat olduğu bir məsələdir. Ola bilsin onların əksəriyyəti, hətta bu haqda bilmirlər. Lakin, əlbəttə ki, Amerika super gücdür, o, bu münaqişənin həllində çox mühüm söz sahibidir. Bizim mövqeyimiz ondan ibarətdir ki, Amerika vasitəçi olaraq bitərəf olmağa davam etməlidir, yenə də və daha da çox hər iki tərəfi ortaq qərara yaxınlaşdırmağa çalışmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti