Azərbaycan millisinin və “Kayzerslautern”in hücumçusu Mahir Emreli “yutub”da yayımlanan kanalların birində qonaq olub.
28 yaşlı fovard özünə ünvanlanan suallara səmimi şəkildə cavab verməyə çalışıb.
Mahir indiyə qədər çıxış etdiyi ölkələrdə yerli futbolçuların legionerlərdən daha çox sevildiyini etiraf edib:
“İndiyə qədər oynadığım heç bir ölkədə legionerin yerlidən dəyərli olduğunu görmədim.
Nə qədər yaxşı oynayırsan, oyna. Heç yerdə görmədim.
Bu gün Nürnberqə getsəniz, mənim adım çəkiləndə “Nürnberq” azarkeşləri “sehrbaz” deyir. Oradakı azərbaycanlılar Azərbaycandan olduğunu deyəndə, yerli azarkeşlər “Emreli, sehrbaz” deyir.
Ancaq yenə də bir alman futbolçu qədər dəyərim olmayacaq. Çünki xariciyəm. Hə, yaddaşlarda yaxşı qalacağam.
Bu, Polşada da beləydi. Nə qədər məni çox istəsələr də, bir Boruç deyiləm. Boruç tamam başqa bir şeydir”.
Mahirin danışdıqları, xüsusən də Nürnberqdə sehrbaz obrazı ilə tanındığını deməsi izləyiciləri qıcıqlandırıb.
Videoya baxanlar şərh bölməsində Emrelini müxtəlif yanaşmalarla ələ salıb:
“Düz deyir, sehrbazdır, yaxşı top itirir”.
“Mahir, sənə sehrbaz kim deyir, sən Allah? 2-ci Bundesliqada 12 oyuna çıxıb 1 qol vurmusan. Sənsən sehrbaz? Millidən də heç danışmayaq. 28 yaşında dəyərin 600 min avrodur. Sən ancaq məhəllədə sehrbaz ola bilərsən”.
“Hə, qardaş. Sən San-Marino ilə oyunda sehr elədin. Neçə il idi qol vura bilmirdilər, axır ki, vurdular”.
“Mahir, Boruç səndən yaxşıdır, mövzunu dəyiş”.
“Legioner kimi illərdir səni ehtiyatda görürük”.
“Mahiri kimsə aldadıb yenə”.
“Alman qədər dəyərin olmayacaq. Çünki onlarda olan texnika və futbolçuluq bacarığının 1 faizi səndə yoxdur. Amma onlardan təkəbbürlüsən”.
“Kül o almanın başına ki, sənə sehrbaz deyir. Sehrbazın 1 barmağının oynadığını sənin 10 barmağın oynaya bilməz”.
“Mahiri sosial şəbəkələrdə göstərən olmasa, varlığından xəbərimiz olmaz. Nə futbolçusan ki?”
“Sən sehrbaz yox, ədabazsan”.
“İşin-gücün özünü tərifləməkdir. Qoy səni kənardan tərifləsinlər. Sehrbaz yox, futbolçu olmaq lazımdır”.
HƏBİB / SPORTİNFO.AZ

