Bu gedişlə Elvin Cəfərquliyev Azərbaycanda qalacaq.
Səbəb Azərbaycan millisinin də şərəfini qoruyan futbolçunun “göylə getməsidir”.
Xarici klublardan 2-3 illik müqavilə şərti təklif edən sol cinah oyunçusu hər il üçün maaş tələbi 1 milyon avrodur. Bu məbləğə vergi və digər xərclər daxil deyil. Hər ay bank hesabına konkret 1 milyon avro daxil olmalıdır.
Digər şübhəli məqam Cəfərquliyevin ölkələr arasında ayrı-seçkilik etməsidir.
- Asiya ölkələri olmasın!
- Rusiya klubları olmasın!
- Avropanın 2-3-cü dərəcəli çempionatları olmasın!
- Türkiyədə 4 böyükdən başqası olmasın!
Bizdə olan məlumata görə, son bir ayda müxtəlif ölkələrdən özünə şifahi müraciət daxil olub. Heç birinə isti yanaşmayıb.
Görünən odur ki, məqsədi “böyük beşlik” ölkələrinin təmsilçilərinin, Türkiyə nəhənglərinin, ən pis halda “ikinci eşalon”un iddialılarında top qovmaqdır.
Bu yolla özünü Qurban Qurbanova sübut etmək istəyir, yoxsa niyyəti qısa müddətdə böyük pullar qazanmaqdır – dəqiq deyə bilımərik.
Deyə biləcəyimiz odur ki, Elvin Cəfərquliyev özü özünü məhvə sürükləyir. Həm də görə-görə, bilə-bilə.
Səbəbkar “Qarabağ”ın əsas komandasından uzaqlaşdırılan gündən bu yana adı Avropanın müxtəlif ölkələrinin klubları ilə yanaşı çəkilsə də, bu günə qədər Elvinlə bağlı Ağdam təmsilçisinə rəsmi təklif məktubu daxil olmayıb.
HƏBİB / SPORTİNFO.AZ

