Meydandakı nəticələrinə görə futbolumuzun şahı birmənalı olaraq "Qarabağ"dı.
Ağdam klubu illərdi Avropada ölkəmizi ləyaqətlə təmsil edir.
Meydandan kənarda isə futbolumuzun mərkəzinə çevrilən kollektiv "Qəbələ"dir.
Bir vaxtlar Avropda da nəticələri ilə hamımızı sevindirən bölgə klubu xoş günlərini yaşamır.
2019-cu ildən maliyyənin azalması ilə hədəflər də aşağı düşdü.
Hətta Birinci Liqaya düşəcək qədər.
Amma pul azalsa belə pullu günlərdə qoyulan sərmayənin faydasını "qırmızı qaralar" bu gün də görür.
Söhbət Qəbələdə qurulan infrastrukturdan gedir.
Yay təlim-məşq toplanışlarına start verilməmiş artıq bölgəyə bilet alanlar sıraya düzülüb.
"Şamaxı", "Şəfa", "Sumqayıt" yay kampını Qəbələdə keçəcək.
Elə "Qəbələ" özü də doğma rayonda yeni mövsümə hazırlaşacaq.
Hələ bu harasıdır...
Qonşu Gürcüstan, Türkmənistan, Özbəkistan və ərəb ölkələrindən Qəbələni deyib ölkəmizə gəlmək istəyən klublar var.
İlk dəfə 2020-ci ildə pandemiya zamanı Premyer Liqa klubları kütləvi şəkildə Qəbələyə üz tutmuşdu.
Qısa müddətdə bu hal bir ənənəyə çevrilib deyə bilərik.
Qəbələ daha təkcə futbolumuzun yox, hətta regionun təlim-məşq mərkəzlərindən birinə çevrilməkdədir.
Təbii ki, bundan yerli klubla bərabər, yerli camaat da az qazanmayacaq.
Bu məqam futbolda infrastrukturun nə qədər önəmli olduğunu göstərir.
Komandaya yatırılan pullar günü xilas edirsə, kluba yatırılan maliyyə gələcəyi xilas edir.
"Qəbələ" infrastrukturla bağlı zamanında daha böyük işlər görə bilərdi.
Məsələn, stadion ərazisində yarımçıq qalan oteli tam bitirmək bu gün işləri bir neçə dəfə daha irəli aparmış olardı.
Amma digər klublarımızın infrastrukturla bağlı acınacaqlı halına baxanda, "Qəbələ"nin əlindəkilərə ancaq şükür etmək qalır.
Həm də təşəkkür.
XANOĞLAN / SPORTİNFO.AZ

