Azərbaycana gələnlərin arasında 11 nəfər... Siz də tanıyın!

18:10 Araşdırma 207
Azərbaycana gələnlərin arasında 11 nəfər... Siz də tanıyın!

Azərbaycanın futbol millisi bu gün 2026-cı ildə ilk oyuna çıxacaq.

Rəqib futbolsevərlərə o qədər də tanış olmayan Sent Lüsiya seçməsidir.

160 min nəfər əhalisi olan ada dövləti Karib dənizi ilə Atlantik okeanını birləşdirən ərazidə, Sent Vinsent və Martinika adalarının ortasında yerləşir.

1664-cü ildən başlayaraq ada dövləti fasilələrlə gah Fransa, gah da Böyük Britaniyadan asılı vəziyyətdə olub. 1979-cu ilin fevralında müstəqillik qazanıb.

Sent Lüsiyanın futbol millisi ilk dəfə DÇ-1994-ün seçmə mərhələsində iştirak imkanı qazanıb. Və ilk cəhddəcə məğlub olaraq mübarizəni dayandırıb.

Yanvar ayının göstəricilərinə əsasən millimizin bugünkü rəqibi FİFA-nın reytinq cədvəlində 167-ci pillədə yer alıb. Ən böyük sıçrayışa 2003-cü ildə nail olub ki, 108-ci pillədən o tərəfə getmək mümkün olmayıb.

Yığmanın baş məşqçisi Trinidad və Tobaqo millisinin keçmiş ulduzlarından sayılan, uzun illər İngiltərə Premyer Liqasında top qovan, yığma komandada ən çox oyun keçirən ikinci futbolçu olan (116 matç) Stern Condur. 49 yaşlı mütəxəssis 2022-ci ildən Sent Lüsiya seçməsinin “sükanı” arxasındadır.

Futbolçulara gəlincə, milli üzvlərinin əksəriyyəti yerli çempionatda top qovur. Lakin bəziləri ABŞ və Yamaykada legioner həyatı yaşamağı məqsədəuyğun sayıb.

Avropada top qovanlar isə İspaniyanın 4-cü liqasında, İngiltərənin 3-4-cü liqalarında, Bosniya və Hersoqovinanın 2-ci divizionunda mübarizə aparır.

Hazırda millinin şərəfini qoruyanların arasında 11 nəfər 2004-2008-ci illərdə anadan olanlardır. Əsasən gənclərdən qurulan yığmada yaşı 30-u keçən cəmi 1 futbolçuya rast gəlmək mümkündür.

Sent Lüsiya sonuncu rəsmi görüşlərini ötən ilin noyabrında keçirib.

KONKAKAF seriyasında Kuba və Sent Vinsent millilərinin qonağı olan yığmamızın hazırkı rəqibi hər iki halda meydanı məğlub tərk edib – 0:3, 0:3.

Sonuncu qələbə ötən ilin iyununda əldə edilib. Sent Lüsiya DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində öz meydanında Barbadosu 2:1 hesabı ilə üstələyib.

Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Sent Lüsiya qarşılaşması saat 19:00-da start götürəcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti