Bakıda oynamaq üçün 2 otel bron etdi, 2 milyon xərcə düşdü – Ağdam klubunun qonağı

2 Avqust 2023 08:40 Araşdırma 1 402
Bakıda oynamaq üçün 2 otel bron etdi, 2 milyon xərcə düşdü – Ağdam klubunun qonağı

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Rakov" srağagün Bakıya gəlib.

Sportinfo.az xəbər verir ki, onlar Azərbaycan paytaxtına çarter reysi ilə yola düşüblər.

Polşa mətbuatı Çenhstohova təmsilçisinin səfəri ilə bağlı bəzi maraqlı məlumatlar yayıb.

Bildirilir ki, komanda Bakıda üç gecə (1,2,3-cü günlər) qalacaq. "Qarabağ"la oyundan bir gün sonra komanda Polşaya qayıdacaq. "Rakov" Bakıda iki otel tutub.

Bunlardan biri komanda üzvləri, digəri isə VİP şəxslər, azarkeşlər və jurnalistlər üçündür.

Sport.pl saytı yazır ki, Bakı səfəri üçün Çenhstohova təmsilçisi ümumilikdə 2 milyon Polşa zlotu xərcləyib. Bu, hazırkı məzənnə ilə 226 min avro deməkdir.

Komanda ilə birgə bir qrup polşalı jurnalist də Bakıya gəlib. Lakin azarkeşlərin Bakıya ayrıca səfər edəcəyi gözlənilir. Onların sayı barədə hələlik məlumat yoxdur.

"Rakov"un mətbuat katibi Mixal Şprendaloviç deyib ki, təşkilatçılar cavab matçında 30 minə yaxın azarkeş gözləyirlər.

"Bizim azarkeşlerin komandamıza böyük kömək olacağını düşünürük. Bunu biz ötən il "Slaviya" ilə oyunda da görmüşdük. Fikrimizcə, bu dəstək bizə Bakıda da kömək ola bilər" - deyə o qeyd edib.

Avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Rakov" oyunu saat 20:00-da başlanacaq. İlk matçda Polşa təmsilçisi 3:2 hesabı ilə qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti