“Linkoln” səddini inamla dəf edən “Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi “Rakuv”dur.
Avropanın bir nömrəli klub turnirinin ikinci təsnifat mərhələsində ağdamlıların bəxtinə düşən rəqibi kifayət qədər ciddi hesab etməliyik.
Çenstoxova şəhərini təmsil edən “qırmızı-göylər” köklü tarixə malikdir. Klub 1921-ci ildə yaransa da, ilk ciddi uğuruna 100 ildən sonra – 1921-ci ildə imza atıb.
Həmin il ölkə kuboku qazanılıb, 1 ildən sonra azarkeşlər yenə eyni uğuru bayram ediblər. Nəhayət, bu ilin mayında “Rakuv”sevərlər tarixində ilk dəfə Ekstraklasada çempionluğun nə olduğunu anlayıb.
“Qarabağ”ın rəqibi son illər Polşa futbolunda dəb müəyyənləşdirib.
Çenstoxovalılar “Visla”, “Lex”, “Legiya” kimi titullu rəqiblərini özü ilə ayaqlaşmağa məcbur edir ki, bu da komandanın oturuşmuş və güclü heyətə malik olmasına görədir.
“Rakuv” Avropa arenalarında da yeni addır. 102 yaşlı olmasına baxmayaraq, komandanın avrokuboklardakı oyun sayı cəmi 12-dir. Yəni, son 3 ildə əldə olunan nailiyyətlərin sayəsində beynəlxalq matçların həyəcanını hiss ediblər.
10 oyun Avropa Konfrans Liqasına təsadüf edib, 2 görüş isə cari mövsümdə Çempionlar Liqasına.
Öncəki iki mövsümdə Konfrasn Liqasının pley-offuna qədər irəliləyən, 2021-in yayında “Gent”ə, 2022-də Praqa “Slaviya”sına “ilişən” “Rakuv” bu dəfə qrup mərhələsi arzusu ilə yaşayır.
Son Polşa çempionu avrokuboklardakı təcrübə baxımından “Qarabağ”ın adının altında əzilsə də, bir fakt var ki, azərbaycanlı futbolsevərlərin əhvalına “soğan doğramaya” bilməz.
“Rakuv” avrokuboklarda doğma azarkeşləri önündə keçirdiyi 7 qarşılaşmanın heç birində məğlubiyyət acısı dadmayıb: 5 qələbə, 2 heç-heçə. Ümumilikdə “ev”də son 5 oyunun hamısı qalibiyyətlə başa vurulub.
Rakuv – Suduva (Litva) 0:0
Rakuv – Rubin (Rusiya) 0:0
Rakuv – Gent (Belçika) 1:0
Rakuv – Astana 5:0
Rakub – Spartak (Slovakiya) 1:0
Rakuv – Slaviya (Çexiya) 2:1
Rakuv – Flora (Estoniya) 1:0
Ümid edək ki, uğurlu seriya “Qarabağ”la oyunda qırılacaq. Bu, hər nə qədər çətin görünsə də...
HƏBİB / SPORTINFO/AZ

