Nyondakı püşkatmanın nəticəsinə əsasən ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın rəqibinin adına aydınlıq gəldi.
“Köhlən atlar” Avropanın bir nömrəli klub turnirinin ilk təsnifat mərhələsində Cəbəllütariq çempionu “Linkoln”la qarşılaşacaq.
Rəqibin adı azərbaycanlı futbolsevərlər üçün sevindiricidir. Hər halda, “Rakuv”, “Valmiera”, “Lam” kimilərdənsə “Linkoln” kifayət qədər uyğun rəqibdir.
Rəqibi yaxından tanımağa və tanıtmağa çalışacağıq.
Titul və Avropa rekordçusu
Cəbəllütariqdə “qırmızılar” ləqəbi ilə tanınan komanda cırtdan ölkənin ən məşhur və ən çox titul qazanmış klubudur.
1976-cı ildə yaradılmış “Linkoln” 2003-2016-cı illər aralığında ardıcıl 14 dəfə ölkəsinin çempionu olub. Ümumilikdə aktivində 27 titul olan yeganə Cəbəllütariq klubudur.
“Qarabağ”ın rəqibi həm də 2014-cü ildə ölkəsini Çempionlar Liqasının təsnifat mərhələsində təmsil etmiş ilk Cəbəllütariq təmsilçisidir.
“Linkoln” Avropada uzun müddət məğlubiyyət acısı görməyən komandaların siyahısına başçılıq edir. Belə ki, Cəbəllütariqin ən uğurlu kollektivi daxili yarışlarda 2009-cu ilin mayından 2014-cü ilin sentyabrına qədər, yəni, 1959 gün ərzində keçirdiyi 88 matçın heç birində uduzmayıb. Bununla da “köhnə qitə”nin ən uzun xronoloji məğlubiyyətsiz liqa seriyası rekorduna sahib olmaqdadır.
Konfrans Liqasının qrupunda oynayıb
“Qarabağ”ın rəqibi beynəxalq arenalarda 2014-15 mövsümündən iştirak etməyə başlayıb.
“Qırmızılar”ın ən böyük nailiyyəti 2021-ci ilə təsadüf edib. 2 il əvvəl bu komanda Avropa Konfrans Liqasının pley-offunda “Riqa”nı mübarizədən kənarlaşdırmaqla (1:1, 3:1) qrup mərhələsində iştirak imkanı qazanıb.
“Kopenhagen”, “Slovan Bratislava” və PAOK kimi rəqiblərin yer aldığı qrupda “Linkoln” 6 oyunun hamısında məğlub olub. Yekunda top fərqi 2-17 olub.
Ötən il avrokubok mübarizəsinə Çempionlar Liqasında başlayaraq “Şkupi”yə “ilişib”. Doğma meydanda 2:0 hesabı ilə qalib gəldiyi halda səfərdə qapısından 3 cavabsız top buraxıb. ÇL-dən Konfrans Liqasına yuvarlanıb ki, burada “Tobol” pireneylilər üçün keçirlməz olub – 0:2, 0:3.
“Linkoln” 2014-cü ildən bu yana mütəmadi avrokuboklarda iştirak edir. Bu müddətdə keçirdiyi 40 oyunun 9-da qələbə qazanıb, 7 halda heç-heçə edib, 23 dəfə meydanı məğlub tərk edib.
Futbolçu baş məşqçidən böyükdür
Komandanın “sükanı” Xavyer Munyozun əlindədir. Bir il əvvəl komandaya qapıçılarla çalışan məşqçi kimi cəlb olunan 41 yaşlı mütəxəssis bu ilin yanvarından baş məşqçi səlahiyyətlərini icra edir.
Elə buna görə də komandadakı 9 legionerdən 8-i qonşu İspaniyadandır. İstisna Mustafa Yahayadır ki, o da qanalıdır. Yerdə qalanlar Cəbəllütariq vətəndaşlığını daşıyır.
“Linkoln”ın heyəti ilə bağlı diqqətçəkən məqam aparıcı futbolçuların əksərinin yaşının 35-dən çox olmasıdır.
Komandanın kapitanı və ölkənin futbol millisinin üzvü Roy Alan Çipolinanın bu ilin yanvarında 40 yaşı tamam olub. Təcrübəli müdafiəçi “Linkoln”da əsas adlardan hesab olunur.
İspan Xuampe Riko 39 yaşını ötən ay başa vurub.
Digər ispan Nano bu ilin oktyabrında 39 yaşla vidalaşacaq. Vaxtilə Yunanıstan “Panatinaikos”unun sevilən müdafiəçilərindən olan Nano ötən ildən “Linkoln”da çıxış edir.
Komandanın ən yaşlı futbolçusu Li Henri Kasyarodur. 1981-ci il doğumlu hücumçu baş məşqçidən 1 yaş böyükdür. 1998-ci ildən “Linkoln”da çıxış edən Kasyaro həm də Cəbəllütariq millisinin üzvüdür.
Yaşı 35-dən çox olanların siyahısını Liam Uolker (35), Xavyer Anyon (36), Li Çipolina (35) ilə genişləndirmək olar.
“Qarabağ” ÇL-in birinci təsnifat mərhələsindəki ilk görüşünü iyulun 11-də səfərdə, cavab qarşılaşmasını bir həftə sonra Bakıda keçirəcək.
HƏBİB / SPORTİNFO.AZ

