Pul iyinə qaçmışdılar – Düşdükləri vəziyyətə baxın

21:00 Araşdırma 815
Pul iyinə qaçmışdılar – Düşdükləri vəziyyətə baxın

“Zirə” əvvəlki günlərindən uzaq düşüb.

Öncəki iki mövsümdə oyun planında daha sürətli, hücumlarda kəsərli, məhsuldarlığı ilə seçilən komanda indi susqun görünür.

Baş məşqçi dəyişməyib, Rəşad Sadıqovdur. Şərtlər də demək olar eynidir.

Futbolçulara gəlincə, müəyyən dəyişikliklər baş verib ki, futbol ictimaiyyətini axsamanı Salifu Suma ilə Rafael Utziqin “qartallar”ı tərk etməsində görür.

Məhz bu iki futbolçunun qol vurmaq və qol ötürməsi vermək planındakı məhsuldarlığı “Zirə”ni “dişli” göstərirdi.

Suma ilə Utziq Azərbaycanda qalmaq istəmədilər. Daha yaxşı pul qazanmaq həvəsi ilə parladıqları ölkəni tərk etməyi vacib saydılar.

Rafael ötən ilin yayından bu yana Vyetnamda top qovur. Müqavilə ilə zirəlilərə məxsus olmasına baxmayaraq, icarə əsasında “Hoşimin”in şərəfini qoruyur.

29 yaşlı braziliyalı avqustdan bu yana Vyetnam çempionatında cəmi 11 oyunda forma şansı qazanıb. Bu matçların cəmi 7-sində əsas heyətdə yer almaqla vur-tut 1 assistlə fərqlənib.

Kubok qarşılaşmalarında isə ümumiyyətlə iştirak etməyib.

Sumaya gəlincə, yayda böyük ümidlərlə İsveç klubu “Malmö”yə transfer olunan Qvineya millisinin üzvü burada olduğu 6 ay ərzində yerli çempionatda 7, İsveç kubokunda 1, Avropa Liqasında 4 dəfə şans qazanmaqla ümumilikdə 341 dəqiqə yaşıl meydan üzü görüb.

Məhsuldarlıq baxımından heç nə ilə fərqlənməyib. Nə qol vurub, nə assist edib.

Bu ilin əvvəlində Polşanın yüksək dəstə təmsilçisi “Radomyak”a icarəyə verilən 22 yaşlı cinah oyunçusu ehtiyat oyunçular skamyasının daimi sakini sayılır.

Fevral ayından bu yana Ekstraklasada 7 oyun keçirən “Radomyak”ın baş məşqçisi Kiko Ramirez Sumaya cəmi 4 matçda (ümumilikdə 80 dəqiqə) şans verib. Burada da heç nə ilə yadda qalmayıb.

Beləliklə, Suma ilə Utziq “Zirə”ni tərk edəndən sonra ikisinə birlikdə 27 oyunda meydana çıxmaqla cəmi 1 məshuldar ötürmə ilə fərqlənməyi bacarıblar. O da braziliyalının aktivindədir.

Maraq üçün bildirək ki, Salifu Suma ötən mövsüm “Zirə” formasında 41 oyunda meydana çıxmaqla 12 qol vurub, 7 qolun ötürməsini vermişdi.

Rafael Utziqin ötən “futbol ili”ndəki göstəriciləri beləydi – 40 oyun, 13 qol, 2 assist.

Bu da pul dalınca qaçıb, karyeralarını məhv edən iki istedadın düşdüyü vəziyyət.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti