Gürcüstan bazarını kim dəbə salıb? – Premyer Liqa klubları sanki bəhsə girib

13 Avqust 2022 22:20 Araşdırma 2 155
Gürcüstan bazarını kim dəbə salıb? – Premyer Liqa klubları sanki bəhsə girib

Bilib-eşitməyənlərdən kimsə Azərbaycan Premyer Liqasındakı adlara göz gəzdirsə, buranı Gürcüstan elitası zənn edər.

Düzdür, illər öncə ölkə futbolunda sponsor bumu yaşananda, “İnter”ə Kaxaber Tsxadadze rəhbərlik edəndə Premyer Liqada kifayət qədər gürcü görmək mümkün idi.

Lakin onlar kifayət qədər tanınanlar – Gürcüstan millisinin sabiq və faktiki üzvləri idi.

Kaxanın Azərbaycanı tərk etməsindən sonra bu ölkədən olan oyunçuların ayağı çempionatımızdan kəsildi.

Məsələn, ötən il elitamızda cəmi 5 gürcü top qovurdu: Davit Volkov, Merab Qiqauri, Luka Quqeşaşvili (“Qarabağ”a qışda gəlmişdi – H.), Mixail Erqemlidze və Ukrayna vətəndaşlığını daşıyan Zurab Oçiqava.

Bugünkü vəziyyət necədir?

Hazırda az qala bütün klublarda bu ölkədən olan futbolçulara rast gəlmək mümkündür. Sanki sözləşiblər, gürcüsü olmayan çempionatda iştirak edə bilməz.

Diqqət yetirək:

Luka Quqeşaşvili (“Qarabağ”), Salomon Kvirkveliya, Vato Arveladze (hər ikisi “Neftçi”), Zurab Oçiqava, Davit Volkov (hər ikisi “Sabah”), Giorgi Kantariya, Mate Kvirkviya, Mixail Erqemlidze (hamısı “Kəpəz”), Piruzi Marakvelidze, İmeda Aşortiya (hər ikisi “Turan Tovuz”).

Bu 10 nəfərin arasında “dişə vurulacaq” uzaqbaşı 3-4 nəfər tapılar. Elədirsə, Gürcüstan bazarına edilən hücumun kökündə nə dayanır?

Heç şübhəsiz əsas məsələ onların qonşu Azərbaycanda az maaşa razı olmasıdır. Aralarında təcrübəliləri çıxsaq, digərləri aylıq 3-5 min dollara “okey” verib.

Şəxsi maraqların rol oynadığı məqam da yox deyil. İki ölkə arasında sıx bağlar var deyə, Tbilisidən kimsə Bakıya zəng edib ağız aça bilir. Hansısa AFFA rəsmisinə, yaxud agentə.

Belədə azərbaycanlı futbolçuların haqqı yeyilir, onların qarşısı kəsilir axı. Azərbaycanlı futbolçular Gürcüstanda 1 il düz-əməlli duruş gətirə bilmir. Özərinə qarşı elə münasibət görürlər ki, başlarını götürüb qaçırlar.

Çünki gürcü futbolçular ortabab azərbaycanlının komandada yer tutmasına, maaş almasına isti yanaşmır, yanaşa bilmir.

Amma bizdə fərqlidir. Ölkəsinin elitasında heç kimə lazım olmayan biri bizdə Premyer Liqa təmsilçisinin aparıcı fiquruna çevrilə bilir. Həm oyunçu bacarığı, həm də xarakteri sayəsində.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti