Bir-birlərinə nifrət edənlər - Biz onları necə tanıyırıq?

24 Yanvar 2022 19:00 Araşdırma 750
Bir-birlərinə nifrət edənlər - Biz onları necə tanıyırıq?

Kurtua ilə Noyer Ronaldoya qəzəblidirlər. İker Kasilyasın Messini görməyə gözü yoxdur.

Buffon isə “Roma”nın əfsanəsinə nifrət edir.

Adətən, yüksək səviyyəli qapıçıların oyununu belə xarakterizə olunur: Müdafiəni necə qurur və nə qədər seyv edir.

Amma qapıçıların bacarığından asılı olmayaraq, onlara qol vuran hücumçular da tapılır. Özü də kifayət qədər qol vurmağı bacaranlar da. Futbol statistikləri maraqlı araşdırma aparıblar.

Dünyanın top-qapıçılarını ən çox hansı hücumçular məyus edib? Bunun üçün 2 kriteriyaya cavab verən qapıçılar seçilib:

Avropanın ən güclü 5 liqasında ən azı 200 və Çempionlar Liqasında 50 oyun keçirib. Nəticə belədir:

Tibo Kurtua
“Real”ın qapıçısını ən çox məyus edən Kriştiano Ronaldodur. Portuqal 10 oyunda 10 qol vurub. O, hər 85 dəqiqədən bir belçikalını topu tordan çıxartmağa vadar edib. Amma buna baxmayaraq, 10 oyunun 6-da Kurtuanın, 3-də isə Ronaldonun komandası qalib gəlib.

De Xea
“Mançester Yunayted”in qapıçısı De Xea da Ronaldonun əlindən dad deyir. İspan qapıçı Ronaldoya qarşı oynadığı 11 qarşılaşmada 8 qol buraxıb. Düzdür, Serxio Aquero da onu 8 dəfə məyus edib. Amma argentinalı hücumçu bunu 15 oyunda bacarıb.

Canluici Buffon

Əfsanəvi Canluici Buffon “Roma”lıların kumiri Françesko Tottiyə qəzəblidir. Totti 28 oyunda 11 qol vurub. Ancaq onu da deyək ki, Buffon da Ronaldonun ayağının suyunu “dadıb”. Portuqal Buffona qarşı keçirdiyi 8 oyunda 10 dəfə fərqlənib.

İker Kasilyas

Sizcə, “Real”ın sabiq qapıçısı İker Kasilyası ən çox kim məyus edə bilərdi? Bəli, Lionel Messi! Leo 26 oyunda 18 dəfə Kasilyasın qoruduğu qapının torunu silkələyib. Digər hücumçular isə İkerin qoruduğu qapıya 9-dan artıq qol vura bilməyiblər.

Keylor Navas

“Real”ın daha bir sabiq qapıçısı, hazırda PSJ-də çıxış edən Keylor Navas da Messinin “qurbanları” arasındadır. Navas 14 oyunda 9 dəfə Messinin sevinməsinə şahidlik edib. Sabiq “Barselona”lı Luis Suares isə Navasa qarşı keçirdiyi 13 oyunda 8 dəfə fərqlənib.

Manuel Noyer

“Bavariya”nın qapıçısı Manuel Noyer də Kriştiano Ronaldonu sevmir. Portuqal hücumçu 9 oyunda 10 dəfə Noyeri qəzəbləndirib. Əgər Levandovski “Bavariya”ya keçməsəydi, yəqin ki, Noyerin ən nifrət etdiyi hücumçu olacaqdı. Polşalı Münhenə gələnə qədər Noyeri 15 oyunda 7 dəfə məyus etməyi bacarmışdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti