“Bazel” haqda bunları bilirdiz? – “Mançester Yunayted”lə “Mançester Siti”...

16 Sentyabr 2021 15:00 Araşdırma 687
“Bazel” haqda bunları bilirdiz? – “Mançester Yunayted”lə “Mançester Siti”...

Bu gün saat 20.45-də azərbaycanlı futbolsevərlərin qarşısında “Qarabağ”la oyuna çıxacaq “Bazel”in avrokuboklarda zəngin təcrübəyə sahib olduğunu bilirik.

İsveçrə nəhəngi bir neçə dəfə avrokubokların yarımfinal və ¼ final mərhələsinə qədər yüksəlməyi bacarıb.

Odur ki, təmsilçimizin qrup mərhələsindəki ilk rəqibinin son 5 avrokubok mövsümündə nə ilə yadda qaldığına nəzər salaq.

2016-2017
Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanan “qırmızı-qaralar”ın rəqibləri PSJ, “Arsenal” (London) və “Ludoqorets” olub. Bütün matçları məğlub başa vuran isveçrəlilər, yalnız Bolqarıstan çempionu ilə görüşlərdə 2 heç-heçə etməklə (0:0, 1:1) mübarizəni qrup sonuncusu kimi başa vurub.

2017-2018
Bu dəfə də mübarizə birbaşa Çempionlar Liqasının qrup mərhələsindən başlayıb. Rəqiblər “Mançester Yunayted”, “Benfika” və Moskva ÇSKA-sı olub. Bir il əvvəlkidən fərqli, “Bebbi” proqnozları alt-üst edərək möhtəşəm nəticələrə imza atıb.

“Mançester Yunayted”i doğma azarkeşləri önündə 1:0 məğlub edib, “Benfika”nı hər iki oyunda udub (5:0, 2:0), ÇSKA-ya Bazeldə boyun əyib (1:2), Moskvada qələbə qazanıb – 2:0. 12 xalla ÇL-in 1/16 final mərhələsinə yüksəlib, lakin burda “Mançester Siti” səddinə çırpılıb – 0:4, 2:1.

2018-2019
“Bazel” növbəti cəhddə mübarizəyə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən start verib. Lakin növbəti mərhələyə vəsiqə isveçrəliləri sıradan çıxaran PAOK-un olub. Belə olduğu halda, “Bazel” avtomatik Avroliqanın 3-cü təsnifat mərhələsinə yuvarlanıb.

Burda “Vitess”i keçən “Qarabağ”ın hazırkı rəqibi, pley-offda “Apollon”la üzləşib. Tərəflər hərəyə bir qələbə qazansa da (2:3, 1:0), Kipr təmsilçisi səfərdə vurduğu qollar hesabına qrup mərhələsinə yüksəlməyin sevincini bayram edib.

2019-2020
“Bazel” mübarizəyə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən başlayıb və burda səfər qolları hesabına “PSV Eydhoven”i keçib – 2:3, 2:1. Növbəti mərhələdə isə, Avstriya LASK-i isveçrəlilərin qarşısını kəsib – 1:3, 1:2. Belədə “qırmızı-göylər” Avroliqanın qrupuna yuvarlanıb.

Rəqibləri “Krasnodar”, “Trabzonspor” və “Xetafe” olmasına baxmayaraq, “Bazel” qrupu qalib kimi başa vurub. Səfər matçlarında “Krasnodar”a uduzub (0:1), “Trabzonspor”la heç-heçə edib (2:2).

Digər 4 oyunda qələbə qazanaraq 1/16-ə vəsiqə qazanıb. Bu mərhələdə APOEL-i keçib (3:0, 1:0), növbəti cəhddə Frankfurt “Ayntraxt”ını məyus edib (3:0, 1:0). Yarımfinala qədər irəliləyən İsveçrə təmsilçisini Donetsk “Şaxtyor”u dayandırıb – 4:1.

2020-2021
Xatırlayırsızsa, ötən avrokubok mövsümündə pandemiyaya görə təsnifat mərhələsinin görüşləri bir oyundan ibarət idi.

Mübarizəyə Avroliqanın 2-ci təsnifat mərhələsindən start verən “Qarabağ”ın indiki rəqibi “Osiyek”i 2:1 hesabı ilə məğlub etməyi bacarıb.

Növbəti mərhələdə “Anortosis”dən güclü olub 3:2. Pley-offda isə “Bazel”in qrupa vəsiqə qazanmasına Sofiya ÇSKA-sı imkan verməyib – 1:3.

Göründüyü kimi, “Bazel”in avrokuboklarda maraqlı təcrübəsi və diqqətçəkən nəticələri var. Bu komanda son 5 ildə “böyük beşlik”dən olan “Mançester Yunayted”, “Mançester Siti”, “Xetafe”, “Ayntraxt” kimi komandaları məğlub etməyi bacarıbsa, əlavə nəsə yazmağa gərək qalmır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti