Ermənistanın “böyük bacısı”- Makronu Yerevana çəkən nədir?

16 İyul 2021 18:10 Araşdırma 1 520
Ermənistanın “böyük bacısı”- Makronu Yerevana çəkən nədir?

Nikol Paşinyan parlament seçkilərində qalib gəldikdən sonra bu dəfə Ermənistanın “böyük bacısı” Fransada Emmanuel Makron seçki dərdinə düşüb.

O, yenidən prezident olmaq üçün Fransadakı erməni diasporunun dəstəyini qazanmağa can atır.

2017-ci ildə böyük səs çoxluğu ilə həm prezident, həm də parlament seçkilərini qazanan Makronun Respublika Yürüşü Hərəkatı son bələdiyyə seçkilərində eyni nailiyyəti göstərə bilmədi.

Bəlli oldu ki, Makron hakimiyyətinin ümumxalq gözündən düşməsinin əsas səbəbi Fransa Prezidentinin özünün yol verdiyi, yumşaq desək, nöqsanlarıdır.

Bütün uğursuzluqlarına baxmayaraq, Makron 2022-ci ildə keçiriləcək prezident seçkiləri üçün ötən ildən ciddi cəhdlə çalışır. Hətta bunun üçün erməni diasporunun dəstəyinə ümid edir və məqsədinə çatmaq naminə beynəlxalq hüququ belə ayaq altına atır. Yoxsa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəfsiz olmalı olan Fransanın Ermənistanı, onun işğalçı siyasətini dəstəkləməsinə başqa nə ad vermək olar?! Bu azmış kimi, Makron Ermənistana səfərə hazırlaşır və bununla bir daha sübut edir ki, o, tərəfsiz “hakim” statusu adını daşımağa layiq deyil.

Ümumiyyətlə, Makron prezidentliyi dövründə yalnız populist vədlər verir. Maraqlı məqam isə ondan ibarətdir ki, populizm Makronu və Paşinyanı birləşdirən əsas göstəricilərdir. Hər ikisi onlara qarşı çıxanları inzibati üsullarla sıradan çıxarmağa üstünlük verir. Belə ki, hər iki ölkədə keçirilən etiraz aksiyaları zamanı polis zorakılığa əl atır, xəbərdarlıq etmədən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edir. Nəticədə etirazçılarla polislər arasında ciddi qarşıdurma yaşanır.

Qəribədir ki, kütləvi aksiyalar keçirən etirazçılara qarşı Fransa polisinin həyata keçirdiyi zorakılıq halları ilə bağlı beynəlxalq təşkilatlar hər hansı bir bəyanatla çıxış etmirlər, onlar sanki Fransada baş verən zorakılıq hallarını görmürlər. Görmürlər ki, demokratiyadan, insan haqlarından dəm vuran və bunu başqa dövlətlərə qarşı xüsusi təzyiq vasitəsi kimi istifadə edən Fransanın özündə vətəndaşlar kütləvi olaraq polis zorakılığına məruz qalırlar.

Görəsən, niyə? Cavab məlumdur: Fransa və onun Prezidenti özlərinkidir, necə ki, Makron Ermənistanı və Paşinyanı açıq-aydın özününkü hesab edir.

Ermənistandan söz düşmüşkən. Bu arada parlament seçkilərindən sonra Ermənistanda hakimiyyət və müxalifət arasında ziddiyyətlərin daha da böyüməsi, tərəflərin qisas əməliyyatına başlayacağı haqda verilən proqnozlar artıq özünü doğruldur. Belə ki, Nikol Paşinyanın hakimiyyətdə qalması fonunda onun inzibati üsullarla rəqiblərini sıradan çıxarması müşahidə edilir. Xatırladaq ki, hələ seçkidən əvvəl Paşinyan onun yanında yer almayan məmurlara qarşı sərt mübarizəyə başlayacağını bildirmişdi.

Ermənistanın “Hayeli” nəşri yazır ki, Paşinyan artıq dediklərini edir. Bildirilir ki, Zəngəzurda müxalif mövqeli məmurların və digər qüvvələrin zərərsizləşdirilməsi də bununla bağlıdır: “Seçkilərdən sonra hakimiyyət güc qollarını işə salıb və sözün əsl mənasında, hakimiyyətə qarşı çıxmış, yaxın keçmişdə Paşinyanın istefasını tələb etmiş sünikli icma başçılarına qarşı siyasi vendetta həyata keçirir”.

Məsələn, Ermənistanın hüquq mühafizə orqanları Qacaran meri Manvel Paramazyanın evində, ofisində və Zəngəzur mis-molibden kombinatında axtarış aparıblar. Paramazyan bir müddət öncə baş tutan seçkidə Robert Koçaryanın “Ermənistan” blokunu dəstəkləyib. Zəngəzur mis-molibden kombinatına gəlincə isə bu müəssisənin səhmdarlarından biri məhz “Ermənistan” blokunun liderlərindən sayılan Vaqe Akopyandır. Paşinyan onu da hədələyib. Bu şəxslərin həbsi Robert Koçaryanın ilk növbədə iqtisadi dayaqlarının sıradan çıxarılması deməkdir.

“Azatutyun” radiosu bildirir ki, Milli Təhlükəszilik Xidməti (MTX) əməkdaşları Manvel Paramazyanın evində, ofisində və qarajında axtarış apardıqdan sonra onu Yerevana aparıblar. Lakin MTX bu xəbərlərlə bağlı heç bir informasiya vermir. Qacaran merinin vəkili Yervand Varosyan qeyd edir ki, ona bu iş barədə heç nə məlum deyil. O güman etdiyini bildirib ki, müştərisini hansısa absurd qanunsuz torpaq alqı-satqısında şübhəli bilirlər. Varosyan deyib ki, onun fikrincə, bütün bunlar hakimiyyət tərəfindən rəqib siyasi qüvvələrə qarşı daha bir şounun düzəldilməsi üçün bəhanədir.

Yervand Varosyan bildirir ki, bunlar Qacaranda 20 iyun seçkisində Robert Koçaryanın “Ermənistan” blokunun qalib gəlməsi ilə bağlıdır: “Belə görünür ki, bu iş tam perspektivsizdir, lakin hakimiyyət tərəfindən bu işlər davam etdiriləcək. “Ermənistan” bloku Qacaranda ən çox səs qazanandan sonra bunlar bizim üçün gözlənilən idi”. Bir daha xatırladırıq ki, 20 iyun seçkisində “Ermənistan” bloku Nikol Paşinyanın əsas rəqibi idi.

İndi Makrondan soruşmaq lazımdır ki, onu belə bir ölkəyə çəkən nədir: erməni sevgisi, yoxsa seçki dərdi?

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?