II Liqada ilk turun son qarşılaşmasında «Ağdaş»la «Kür-Araz» üz-üzə gəlib.
Komandalar meydana «Bu gün də, sabah da, daim bizimlə olacaqsan, Rəhman!» yazılmış plankartla çıxıb.
Stadionda 1 dəqiqəlik sükut elan olunub. İştirakçılar bununla «Ağdaş»ın mərhum prezidenti Rəhman Əliyevin xatirəsini yad ediblər.
Bir müddət əvvəl kanalda boğularaq həyatını itirən R.Əliyevin ruhunun dolaşdığı arenada sülh hesabı qeydə alınıb.
«Ağdaş» artıq 3-cü dəqiqədə fərqlənib. Taryel Zeynalov iki müdafiəçinin əhatəsindən qapının uzaq küncünü dəqiq nişan alıb.
Erkən qoldan ruhlanan ev sahibləri sonrakı dəqiqələrdə də rəqib qapıçısını 2-3 dəfə narahat edib. Fəqət, növbəti qol qonaqlardan gəlib.
Elxan Məmmədov düşünülmüş hücumu toru silkələməklə bitirib. Beləcə, psixoloji üstünlük «Kür-Araz»ın tərəfinə keçib.
İmişli təmsilçisi həm fasiləyə qədər, həm də ikinci hissədə daha fəal təsir bağışlayıb. Təhlükəli həmlələrin sayını çoxaldan «pambıqçılar» dörd-beş qol şansını qaçırıblar.
Vasif Nəsirov ikinci sarı vərəqəni alaraq meydanı tərk edəndə, dəqiqələr hələ 71-i göstərmirdi.
Say azlığında qalan «Ağdaş»ın qapısı önündə «keşik çəkən» qarşı tərəf qələbə qazanmadığına görə özünü günahlandırmalıdır. Müdafiədə belə zəif təsir bağışlayan rəqibi bir də haradan tapacaqlar?
SPORTİNFO.AZ
Ağdaş şəhər stadionu. 300 tamaşaçı Baş hakim: Vüqar Həsənli Baş hakimin köməkçiləri: Sənan Atayev, Rəhman Aslanov Dördüncü hakim: Namiq Bəkirov Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Anar Şıxəliyev Sarı vərəqələr: Aqşin Yaqubov, 7 (qeyri-idman hərəkəti); Vasif Nəsirov, 66, 71 (qeyri-idman hərəkəti); Zamiq Abubəkirov, 73 (hakimin qərarına etiraz) // Babək Yaqublu, 34 (qeyri-idman hərəkəti); Museyib Vəlizadə, 57 (qeyri-idman hərəkəti); Elnur Məmmədov, 86 (hakimin qərarına etiraz) Qırmızı vərəqə: Vasif Nəsirov, 71 Qollar: Taryel Zeynalov, 3 // Elxan Məmmədov, 36 Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.