"Xəstələndiyim üçün komandadan bir az geri qalmışam"

31 Yanvar 2020 13:35 I Divizion 865
"Xəstələndiyim üçün komandadan bir az geri qalmışam"

"Bakı toplanışı yaxşı keçdi. Əsasən, yoxlama oyunları üçün paytaxta yollanmışdıq. İki görüş keçirdik. Birini udub, digərini uduzduq. Ümumilikdə götürsək, hazırlıq xeyrimizə oldu".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Kəpəz"in üzvü Elcan Rəhimov klubun mətbuat xidmətinə Bakı toplanışı haqda danışarkən deyib. Gənc futbolçu “sarı-göylər”in "Səbail-2" (0:1) və "Keşlə-2" (4:0) komandaları ilə keçirdiyi yoldaşlıq oyunlarını da dəyərləndirib:

"Pis oynamadıq, hətta deyərdim ki, yaxşı mübarizə apardıq. Komandaya eyni futbolçular qoşulub. Onların uyğunlaşması üçün vaxt lazımdır. Birinci matçda bu, özünü açıq şəkildə göstərdi və bəlkə də bu səbəbdən uduzduq. Sonuncu görüşdə isə çox yaxşı çıxış etdik. Əvvəlki oyunlara baxanda bir-birimizi daha yaxşı anlayırdıq. Bu da nəticədə özünü göstərdi".

Gənc yarımmdafiəçi "Kəpəz" hələ elitada mübarizə apardığı dövrlərdə aşağı yaş qruplarından əsas komandaya cəlb olunub. Rəhimov indi də baş məşqçi Yaşar Vahabzadənin etimad göstərdiyi oyunçulardan biri olmaqla əsas heyətin üzvüdür: "Qış fasiləsindən sonra məşqlərə başlayanda xəstələndim. Fiziki hazırlıq üzərində qurulan iki əsas çalışmada iştirak edə bilmədim. Bakıya gedəndə tam sağalmışdım. Fiziki performansıma görə "Səbail-2" ilə görüşdə 25 dəqiqə çıxış etdim. "Keşlə-2"yə qarşı isə bir hissə oynadım. Gücümü göstərməyə çalışdım. Düzdü, komandadan bir az geri qalmışam. Çempionatın startına kimi bunu düzəldəcəyəm. Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirməyə çalışıram. Baş məşqçimiz Yaşar Vahabzadənin üzərimizdə əməyi çoxdur. Mənə bəslənən etimadı doğrultmağa çalışacağam".

Digər Xəbərlər
Xəbər Lenti